Foto © Gerd Altmann / pixabay.com
Foto © Gerd Altmann / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf  Almaniya hakimiyyətinə 14 yaşınadək olan təxminən 900 qaçqının yaşadığı və ya olduğu yer məlum deyil. Bu barədə məlumatı AzEuroNews.com-a Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərən “Leqat”  inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Almaniyada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçiləri baş verənlərdən ciddi narahatlıqlarını bildirirlər.

Almaniyada Uşaqların Müdafiəsi Asossiasiyasının məlumatına görə, ölkədə qaçqınların sayının azalmasına baxmayaraq, Almaniyada itkin düşmüş 14 yaşına çatmış qaçqınların sayı son aylarda artmaqda davam edir. Almaniyanın Federal Kriminal İdarəsinin məlumatına görə, 2018-ci ildə 895 qaçqın uşağının yaşayış yeri bəlli olmayıb. 2018-ci ilin oktyabr ayında isə artıq 902 uşaq xəbərsiz itkin düşən şəxs kimi qeydiyyata alınıb. Son həftələr ərzində həmin uşaqlardan bəzilərinin tapılması haqqında məlumat yayılıb.

Almaniyada Uşaqların Müdafiəsi Asossiasiyasının rəhbəri Holger Hofmann bu məlumatı paylaşaraq baş verənləri “həyəcanlandırıcı” adlandırmaqla, Avropa Birliyi ölkələrinin azyaşlı qaçqınlara dəstəyinin zəruri olduğunu vurğulayıb.

“Missing Children Europe” təşkilatının məlumatına görə, Avropada cinayətkar dəstələr getdikcə təzyiqlərini artıraraq çalışırlar ki, uşaqlar rəsmi tibbi və tədris müəssisələrini tərk etsinlər. Həmin təşkilatın məlumatında bildirilir ki, bir çox uşaqlar insan alveri və ya cinsi köləlik, zorakılıq, narkotik maddə qaçaqmalçılığı qurbanına çevrilməkdədir.

Almaniyada Uşaqların Müdafiəsi Asossiasiyası uşaqların niyə və necə itkin düşməsi haqqında Federal Kriminal İdarənin məlumatlı olmadığı və bu halların qaşısının alınması üçün ciddi tədbirlərin görülmədiyini bildirib. Asossiasiya sözçülərindən biri vəziyyəti aşağıdakı kimi qiymətləndirib: “Qaranlıqda azdığımız üçün qabağlayıcı tədbirləri tətbiq etmək çətindir”.