Fərahim İlqaroğlu / AzEuroNews.com / Essen ► Azərbaycanın ilk internet televiziya kanalı olan “Kanal 13” 10-cu yaşını Almaniyanın Essen şəhərində təşkil olunan bir ziyafətlə qeyd etdi. AzEuroNews.com xəbər verir ki, yubiley tədbirində Avropada, xüsusilə Almaniyada yaşayan azərbaycanlı və türkiyəli jurnalistlərlə yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edirdilər. 

Tədbirdə çıxış edən “Kanal 13”-ün qurucusu Anar Orucov qonaqları salamladıqdan sonra rəhbərlik etdiyi media quruluşunun 10 illik fəaliyyətinə qısa işıq saldı.

Anar Orucov bildirdi ki, kanalın internet səhifəsinə giriş Azərbaycanda qadağan olunsa da, “Youtube”, “Facebook” və s. sosial şəbəkə və video platformaları üzərindən oxucularla görüşürlər: “ 57 milyon “impression”, aylıq 6.3 milyon video baxışı, gündəlik ortalama 210 min izlənmə, 1.2 milyon orijinal IP-dən baxış və 235 minə çatan abunə. Bizim qazancımız təkcə bu deyil. Ötən 10 ildə hər bir vətəndaşın inandığı bir media quruluşu olmaq bizi məhrumiyyətlər, basqılar, həbslər və s. süni əngəllərə qarşı daha da dözümlü bir hala gətirdi. 

Son 5 ildə “Kanal 13” Azərbaycanla yanaşı həm də, Almaniyada fəaliyətini davam etdirir. Həmvətənlərimizin kütləvi tədbirlərini canlı yayımlar vasitəsi ilə bütün dünyadakı soydaşlarımıza çatdırırıq”.

Çıxış edən Demokratik Təhsisatlar və İnsan Hüquqları İctimai Birliyinin (DTİHİB) sədri, hazırda Almaniyada yaşayan Elçin Abdullayev “Kanal 13”ün Avropadakı fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı. O bildirdi ki, media quruluşu Avropada xüsusilə, Almaniyada həmvətənlərimiz arasında birləşdirici bir missiyaya sahiblənib : “Bu sizə asan gəlməsin. Bu dəqiqə Avropdakı həmvətənlərimizi bir araya gətirməyin özü çox ağır prosesdir. İnsanlar siyasi düşüncələrinə görə bir-birilərindən ayrı düşüblər. Ümummilli məsələlərdə belə onlar bir araya gəlmək istəmir. Ötən illərdə şəxsən mən “Kanal 13” ün istər Qarabağ probleminin həlli yöndündə, istərsə də insan hüquq və azadlıqlarının bərpası və təminatı yönündə apardığı təbliğatını olduca yüksək qiymətləndirirəm”.

Çıxışçılar arasında Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, tanınmış hüquqşunas Əlövsət Əliyev, “panorama-news.de” saytının redaktoru Mehmet Tekin, Taekvando üzrə Azərbaycan Milli Komandasının məşqçisi olmuş, hazırda Almaniyada fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət və İdman” cəmiyyətinin rəhbəri Qüdrət Kərimov, jurnalist Fəridə Hüseynova və digərləri də var idi. 

AzEuroNews.com  olaraq biz də öz növbəmizdə başda Anar Orucov olmaqla “Kanal 13” qurulan gündən bu kanalda zəhməti keçən bütün həmkarlarımızı səmimi qəlbdən təbrik edir, onlara bol izləyici və yaradıcılıq uğurları arzulayırıq.