Araz Əlizadə
Araz Əlizadə
Emil Salamoğlu/AzEuroNews.com “Mən özüm Azərbaycan dilində təhsil almışam, rus dilini də mükəmməl bilirəm. Və hər iki dili bildiyim üçün fəxr edirəm. Oğlum isə rus dilində təhsil alıb, Azərbaycan dilini də mükəmməl bilir və bununla da fəxr edirəm. Fərqi yoxdur ki, hansı dildə təhsil alırsan, əsas odur savadlı olasan”.
Bu sözləri AzEuroNews.com-a deputat Araz Əlizadə son günlər valideynlərin övladlarını rus sektoruna qoyması barədə müzakirələr, deputat Gövhər Baxşəliyevanın buna etiraz etməsi ilə bağlı danışarkən bildirib.
A.Əlizadənin sözlərinə görə, rus dilində təhsil almağın heç bir ziyanı və təhlükəsi yoxdur: “İndi belə çıxır ki, ingiliscə təhsil alanlarımız da var, Amerika gəlib buranı işğal edib? Sadəcə, bu müzakirələri açanlar müəyyən dairələrə yarınmaq istəyirlər. Həmin radikal millətçi qrupların maraqlarına uyğun çıxışlar edirlər”.
Deputat qeyd edib ki, Azərbaycanı və xalqı sevmək üçün hansı dildə təhsil almaq vacib deyil: “Mən rusca və azərbaycanca bilirəm, bununla qürur duyuram, o deməkdir ki, kimsə rusca təhsil alanda millətini sevmir? Çox yanlış yanaşmadır. Cənab prezident İlham Əliyev də rus dilində təhsil alıb, indi ölkəni kimdən, hansı dövlətdən asılı edib ki? Sadəcə, rus dilində təhsilə belə aqressiv yanaşma bəzi qrupların yarınmaq cəhdləridir. Bir dəfə elmlər doktoru ilə bu barədə müzakirəmiz oldu. Ona dedim ki, sən rusca o müəllifləri oxumasaydın elmlər doktoru olacaqdın? – dedi ki yox. Rus dilində olan kitablar, informasiya mənbələri var, onlar Azərbaycan dilində yoxdur, onlara çıxış üçün bu dili bilmək lazımdır. Mənim ailəm Azərbaycan dilini də, rus dilini də mükəmməl bilir. Burda zərərli nə var?” .
Xatırladaq ki, deputat G.Baxşəliyeva İranda 35 milyon azərbaycanlının ana dili uğrunda mübarizə apardığı halda, Azərbaycanda valideynlərin ana dilindən imtina edərək övladlarını rus sektoruna qoymaqlarına etirazını bildirib.