Avropa İttifaqı üzvü olan 28 ölkənin xarici işlər nazirləri kimyəvi silahların yaradılması və tətbiqinə görə məsuliyyət daşıdığı ortaya çıxarılan hüquqi və fiziki şəxslərə qarşı sanksiya tətbiqinin yeni prosedurunu təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Lüksemburqda keçirilən Avropa İttifaqı Şurasının Mətbuat Mərkəzinin məlumatında deyilir.

“Şura kimyəvi silahların tətbiqi və yayılması problemini həll etmək üçün məhdudlaşdırıcı tədbirlər tətbiqinin yeni rejimini qəbul edib”,- məlumatda bildirilir.

Qeyd edək ki, bu il iyunun sonunda Böyük Britaniya və ABŞ-ın təşəbbüsü ilə Suriyada hökumət qoşunları tərəfindən kimyəvi silahların tətbiqi barədə iddialarla, habelə “Skripal qalmaqalı” ilə bağlı keçirilən Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının Haaqadakı fövqəladə sessiyasından bir gün sonra sözügedən tədbir haqqında qərar verilmişdi.