Əlövsət Əliyev
Əlövsət Əliyev

Fərahim İlqaroğlu / AzEuroNews.com / Essen  “Almaniyadan sığınacaq istəyən azərbaycanlıların sayı azalıb. İlin əvvəlindən indiyə kimi qeydə alınan Azərbaycan vətəndaşlarının sayı min nəfərdən azadır”. Bunu  AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat”  inteqrasiya mərkəzinin başqanı Əlövsət Əliyev deyib.

Onun sözlərinə görə, Almaniyaya axın 2016-cı ildə daha çox olub : “Həmin il 6 min Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. Bu rəqəm 2017-ci ildə azalaraq təxminən 3 min olaraq qeydə alınıb”.

Məlumat üçün qeyd edək ki, Almaniyada keçən ay sığınacaq axtaranların statistikası məlum olub. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) sentyabr ayı ilə bağlı statistikasında qeyd olunur ki, 12976 nəfər Almaniyadan sığınacaq istəyib. 

Belə ki, ötən ay 2844 Suriya vətəndaşı sığınacaqla bağlı müraciət edib. Onları ikinci sırada 1219 nəfərlə İran vətəndaşları izləyib. Üçüncü yerdə 1180 nəfərlə İraq, dördüncü yerdə isə 1093 nəfərlə Türkiyə vətəndaşları qərarlaşıb.

Avqust ayı ilə müqayisədə Almaniyada sığınacaq axtaranların sayında kəskin azalma qeydə alınıb. Avqust ayında 15122 nəfər sığınacaq istəmişdi.