Nəzakət Məmmədova

Emil Salamoğlu/AzEuroNews.com  “Vaşinqton Post” qəzetinin köşə yazarı və Səudiyyə Ərəbistanının amansız tənqidçisi ABŞ, Səudiyyə və Türkiyə arasında yeni bir böhranın başlanğıcı ola bilər”.

Bu fikirləri tanınmış politoloq Nəzakət Məmmədova AzEuroNews.com-a İstanbulda Səudiyyə Ərəbistanı konsulluğundan yoxa çıxmış jurnalist Camal Qaşıqçı barəsində bildirib. Siyasi şərhçinin sözlərinə görə, Qaşıqçının yoxa çıxması vəziyyəti xeyli mürəkkəbləşdirmişdi, Səudiyyə kral ailəsinin üzvü əl-Faysalın da Türkiyəyə gəlməsi göstərir ki, məsələ ən yuxarı səviyyədə narahatlıq doğurub: “Səud sülaləsi iki ölkə – ABŞ və Türkiyə ilə böhrandan çıxış yolu axtarır. Çünki jurnalistin itməsi vəliəhd şahzadə Məhəmməd bin Salmanın reputasiyasına mənfi təsir edə bilər, eyni zamanda onun Vaşinqtonla münasibətlərini korlaya bilər. Tramp şəxsən bəyan edib ki, Səudiyyə konsulluğunda Camalın öldürülməsi təsdiq olunarsa, ABŞ Səudiyyəni cəzalandıracaq”.

Camal Qaşıqçı
Camal Qaşıqçı

N.Məmmədovanın fikrincə, doğrudur, konqresmenlərin Səudiyyəyə silah satışının dayandırılması təklifini Tramp qəbul etməyib: “Vaşinqtonun buna gedəcəyi inandırıcı deyil, çünki bu, milyardlarla dolların itirilməsi demək olardı. Lakin jurnalistin peşə fəaliyyətinə görə öldürülməsi təsdiqlənərsə, ABŞ-ın bunun üzərindən sükutla keçəcəyi inandırıcı deyil”.

Politoloq güman edir ki, təhqiqat başa çatdıqdan sonra “Ağ Ev” əsaslı dəlil-sübutlar əsasında “Vaşinqton Post”un köşə yazarı və “Arab News” kanalının direktoru olan Qaşıqçının öldürüldüyünü əmin olarsa, Ər-Riyada qarşı cəza tətbiq edəcək: “Bu, sanksiyalardan tutmuş sərmayə qoyuluşunda məhdudiyyətlərə qədər müxtəlif məsələləri əhatə edə bilər. Planın harada, kimlər tərəfindən hazırlandığı dəqiq məlum olmasa da, hadisəni Səudiyyə təhlükəsizlik və ya xüsusi xidmət orqanlarının törətdiyi bildirilir. Türkiyə jurnalistin konsulluq binasından çıxarılması və zorla qara furqonlu maşına oturdularaq Səudiyyə konsulunun evinə aparılıb orada öldürülməsi barədə məlumatların, eləcə də videogörüntülərin olmasını bildirib. Səudiyyə konsulu kral ailəsinə daha yaxın adam sayılır, nəinki Vaşinqtona. Üstəlik, jurnalist rejimin dəyişdirilməsini tələb etməsə də, kral sülaləsini tənqid edir, Yəməndə müharibəyə qarşı çıxır, islahatlara çağırış edirdi. Onun daha çox peşə fəaliyyəti ilə əlaqədar qətlə yetirilməsi versiyası ağlabatandır və mən burada Vaşinqtonun əli olmasını istisna edirəm. Bu, inandırıcı versiya deyil”.

Analitik qeyd edib ki, ABŞ və İsrail Yaxın Şərqdə sünni ordusu yaratmaq, bunu İrana və Türkiyəyə qarşı istifadə etmək istəyir: “Camalın əcdadlarının bir qolu Kayseridəndir, türk əsillidir. O, ABŞ, İsrail və Səudiyyənin Körfəz siyasətini “Vaşinqton Post” qəzetində ifşa edirdi. Belə bir şəxsin Türkiyədəki Səudiyyə konsulluğunda itkin düşməsi və ya öldürülməsi ilk növbədə Səudiyyə ilə Türkiyə arasında münasibəti gərginləşdirmək məqsədi daşıyır. ABŞ Suriyada planlarını indiyə qədər istədiyi kimi həyata keçirə bilməyib. Türkiyə, Rusiya və İran bunun qarşısından böyük sədd çəkib. Türkiyə və Suriya arasında böhran yaratmaqla Səudiyyə Ərəbistanının Suriyaya hərbi müdaxiləsi və Türkiyənin nəzarətində olan bölgələri ələ keçirmə, eyni zamanda onun vasitəsilə Rusiya və İranı sıxışdırma planlaşdırılmış ola bilər. Bu, təbii ki, tək ABŞ-ın deyil, İsrailin də planları ola bilər. ABŞ dedikdə isə Amerika dövləti yox, Trampa qarşı olan qüvvələrin, yaxud Mərkəzi Kəşfiyyat İdarəsinin planları ola bilər. Burada ABŞ rəsmilərinin, o cümlədən “Ağ Ev”in və prezident Trampın marağı yoxdur və onların iştirakı istisna olmalıdır. Bu hadisə ilk növbədə həm də Türkiyəyə qarşı yönəlib. Çünki Səudiyyə Ərəbistanı krallığının konsulluğu onun ərazisi sayılsa da, məsuliyyət səudiyyəlilərin üzərinə düşsə də, hadisə Türkiyə torpağında baş verib. Türkiyəni hər hansı şəkildə bu olaya qarışdırmaq planları aşkar hiss olunur”.