Emil Salamoğlu

Mədəniyyət köz kimidir. Bu ocağın üstünə bütün zəmanələrdə, hər gələn nəsildə çırpı, çör-çöp atıb közü alışdıranlar, sönməyə qoymayanlar olub, olacaqlar.

Bu, közərən mədəniyyətə mayak salanların özləri də bilmədən əlahiddə xidmətidir. İndi bizim onlara daha çox ehtiyacımız yaranmağa başlayır. Çün közü söndürənlərin batalyonu böyüməkdədir.

***

Həyətdəyəm. Açıq, təmiz havanı gündəlik az görən biri üçün faydalı olduğunu fikirləşirəm. Və tezliklə fikrimdən daşınmağa, peşman olmağa elə əsas yaranır ki…

O mənzərəni görəndə dörd ilə yaxındır ki, mühitlə aramda hördüyüm divarların arasından tez-tez çıxmadığıma sevinirəm: istisna dostlarla görüş və közü söndürənlərin olmadığı ev…

Üç yaşlarında bir qız uşağı təsəvvür edin: əlindəki şokoladın kağızı barmaqlarının arasından birdən sürüşüb yerə düşür, anası götürüb bir az da aralıya tullayır. Uşaq əyilib onu götürmək istəyəndə, anası üstünə qışqırır ki, toxunma, qoy yerdə qalsın.

Amma qızcığaz anasını dinləmir, gözümün qabağında şokoladın kağızını götürüb aparıb bir az aralıdakı zibil qutusuna atır. Təsəvvür edirsiniz?

Mədəniyyətsizliyin bumeranqıdır yoxsa atalar və oğulların yerinə indi analar və qızlar yazılmalıdır? Nəsillərin mübarizəsidir ya fərdi haldır? İnanmıram. Kütləvidir.

İndi mədəniyyətsizlik kütləviləşib: nəqliyyatda, ünsiyyətdə, valideynlə övlad münasibətlərində və bu, heç də mühafizəkarlıqla yenilikçiliyin toqquşması deyil.

Axı mədəniyyət köhnəlmir?! O həmişə dəbdir. Kübarlıq isə onun ən ali mərtəbəsidir. Lakin nədənsə həmişə inanmışam ki, kübarlıq daha çox şəcərədən gəlir.

***

Ona görə də həmin uşaqla anası arasında közərən mədəniyyətə odun daşıyanla onu söndürənin mübarizəsini gördüm. Uşaq ağlı qavrayır ki, kağızı zibil qutusuna atmaq lazımdır, ana beyni isə övlada aşılayır ki, qoy yerdə qalsın, yaşadığı həyət zibillənsin.

Bu qızcığaz o anaya layiq deyil. Onları sırf fiziki doğmalıq bağlayır. Məşhur sözdə deyildiyi kimi, həyatda valideynlərimizi və vətənimizi seçmək imkanımız olmur.

Və alternativ qüvvə olmasa, sürətlə manqurtlaşan toplum mədəni bağlarından qopacaq: stadionda tum qabığı tökərək, efirdə şpaqat açaraq, metroda qarşısındakı itələyib keçərək…

Freyd yazır ki, qanmazlığın ilkin əlaməti utanmazlığın heç olmamasıdır. Bu mühitdə mədəniyyətdən kənar, utanmalı nə varsa hamısını normaya çevirirlər, imunitet yaradırlar.

Freyd onu da yazır ki, canlılar, xüsusilə insanlar ölümə can atır. Onlar əvvəlki cansız dövrlərinə – dinclik vəziyyətlərinə qayıtmaq istəyirlər. Çünki canlı olmaq saysız əzab instinktləri ilə müşayiət olunur.

Mənim elə fikrim olmasa da, o mənzərəni gördükdən sonra “canlı”ların olduğu yerdən evə – dinclik vəziyyətimə qayıtmağa tələsirəm, qızcığazın közərən mədəniyyətin üfüqü olacağı ümidi ilə…