AzEuroNews.com ► Kaliforniyanın Qlendeyl şəhərində Merilənd prospektinin Arsax adlandırılmasını beynəlxalq hüquqa böyük hörmətsizlik hesab edən Minnesota Azərbaycan Cəmiyyəti bununla bağlı bütün beynəlxalq qurumlara etiraz məktubu göndərib. Məktubda qeyd edilir ki, Qlendeyl şəhər şurasının erməni üzvləri ilə birgə Senator Entoni Portantinonun da qondarma dövlətin adının prospektə verilməsi tədbirində iştirakı beynəlxalq hüquqa böyük hörmətsizlik, iki milyondan artıq insanı vətənində qaçqına çevirən, əsrin faciəsi olan Xocalı soyqırımını törədən, qonşu dövlətə qarşı işğalçı siyasət yürüdənlərin təbliğinə dəstək kimi dəyərləndirilir.
Etiraz məktubunda Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, mahiyyəti və törətdiyi nəticələr haqqında məlumat da verilir. Bildirilir ki, 1988-ci ildə başlanan bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi, o cümlədən, Dağlıq Qarabağın inzibati ərazi bölgüsünə daxil olmayan və ötən əsrin 90-cı illərinin əvvəllərinədək bütünlüklə azərbaycanlıların yaşadığı 7 inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1 milyona yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin salınıb, 20 mindən çox azərbaycanlı qətlə yetirilib, 50 mindən artıq insan əlil olub.
Daha sonra bildirilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti beynəlxalq təşkilatlar, ictimaiyyət tərəfindən dəfələrlə pislənsə də, işğalçı ölkə dünya birliyinin tələb və çağırışlarına, beynəlxalq hüququn norma və prinsiplərinə hələ də etinasızlıq göstərməkdə davam edir. Baş verən hadisələr bir daha onu göstərdi ki, nüfuzlu beynəlxalq təşkilatların – BMT, Avropa Şurası, ATƏT-in Minsk qrupu və digər qurumların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemində vasitəçilik missiyası hələ də nəticə vermir.
Ümid edirik ki, ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar regiondakı bu təhlükə ocağının ləğv edilməsi, münaqişənin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına uyğun ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün bütün mümkün imkanlardan istifadə edəcəklər.