Foto ©  Ryan McGuire / pixabay.com
Foto ©  Ryan McGuire / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com /Düsseldorf  ►  2018-ci ilin ilk yarımilində Almaniyadan 30 min qaçqın könüllü olaraq vətəninə qayıdıb. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Federal Hökümət parlamentə Almaniyadan deportasiya edilən sığınacaq axtaran şəxslər haqqında hesabat təqdim edib. Hesabata görə, 2018-ci ilin ilk yarımili ərzində ölkədən könüllü qayıdanların sayının deportasiya olunanlardan daha çox olması müəyyən edilib.

6 ay ərzində Almaniyadan deportasiyası planlaşdırılan 100 mindən çox qaçqından yalnız 12 min nəfərini deportasiya etmək mümkün olub. Bəzi miqrantlar deportasiya olunmamaq üçün müqavimət göstəriblər.

Belə ki, həmin miqrantların 64%-i deportasiya zamanı müqavimət göstərib, öz ölkələrinə zorla da olsa, qayıtmaq istəmədiklərini bildiriblər. Qaçqın statusu verilməsi barədə ərizələri rədd edilən və ölkədən çıxılma proseduruna aqressiv müqavimət göstərənlər daha çox Somali və Nigeriya vətəndaşları olub.

Təxminən 200 halda deportasiya aviaşirkət əməkdaşının imtinasına görə baş tutmayıb. Bildiririk ki, aviaşirkət əməkdaşı bortda real təhlükə mənbəyi olduğu halda uçuşdan imtina edə bilər.

141 nəfər rədd cavabı alan şəxsi isə səhhətindəki problemlərə görə deport etmək mümkün olmayıb.

Əvvəlki illərdə müqayisədə bu il ölkələrinə könüllü qayıdanların sayı xeyli artıb. 6 ay ərzində 20 min rədd cavabı alan miqrant könüllü ölkəsinə qayıdıb.

9 min nəfər isə könüllü qayıdış proqramına müraciət edib, məyyən məbləğdə ödəniş almaqla vətəninə dönüb.