Gülər Əhmədova

Emil Salamoğlu / AzEuroNews.com /Bakı   Fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev Fransadan qovulur. Bu xəbəri aznews.az yayıb.

E.Abdullayev 2011-ci ildə ailəlikcə Rusiya vətəndaşlığını qəbul edib. Onun həyat yoldaşı hazırda Moskva poliklinikalarının birində işləyir.

Fransaya mühacirətə yollanarkən Abdullayevlər Fransa Miqrasiya Təşkilatına Azərbaycan pasportlarını təqdim ediblər. Özlərinə məxsus Rusiya Federasiyasının pasportlarını isə Fransa hakimiyyət orqanlarından gizlədiblər.

Elşad Abdullayev
Elşad Abdullayev

E.Abdullayevin (http://www.ofii.fr/) Fransada daimi yaşayış izni yoxdur. O, siyasi sığınacaq almaq üçün 2 dəfə Fransa hökumətinə müraciət edib. Lakin Fransa hakimiyyət orqanları ona daim yaşayış izni verilməsi ilə bağlı rədd cavabı verib.

Hazırda ona verilən 3 aylıq müvəqqəti yaşayış izniylə yaşamağa məcburdur. İnterpol axtarışına verilmiş sabiq rektor Azərbaycana ekstradisiya olunarsa, mühakimə ediləcək. Əgər Fransadan deportasiya edilib Rusiyaya yerləşərsə, keçmiş rektoru tezliklə həbs gözləyə bilər.

Bəs, E.Abdullayevin Azərbaycana gətirilməsi üçün keçmiş millət vəkili, sabiq rektorun yaydığı “mandat bazarlığı” videosundan sonra həbs olunmuş Gülər Əhmədova hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürmü?

AzEuroNews.com-un suallarını qısa şəkildə cavablandıran G.Əhmədova ilə müsahibəni təqdim edirik:

 – Gülər xanım, Elşad Abdullayev Fransadan çıxarıla bilər. Onun Azərbaycanda mühakimə edilməsi üçün dövlət orqanlarına müraciət edəcəksinizmi?

– Ümumiyyətlə, mən o adam haqda eşitmək istəmirəm. Bundan əvvəlki müsahibələrimdə də demişəm adı lazım olmayan o adamı Allaha tapşırmışam. Kimi ekstradisiya edəcəklərsə, məni maraqlandırmır, vecimə deyil.

Bu adam sonsuz fantaziyaları bitməyən biridir. Mən ilahi ədalətə inanan adamam. Ona görə də heç bir müraciət etmək fikrim yoxdur, öz şəxsi həyatımı yaşayıram. Nə ictimai-siyasi fəaliyyətim var, nə siyasətlə məşğulam. Heç kimin də həyatıma müdaxilə etməsini istəmirəm.

 – Sizinlə parlamentdə olan keçmiş həmkarlarınızdan, siyasətçilərdən kimsə zəng edib hal-əhval tuturmu?

– Mən şəxsi həyatım haqda niyə danışmalıyam? Məni düzgün başa düşün. Bu vaxta qədər ictimai-siyasi fəaliyyətim olub, dövlət və qarşısında müəyyən xidmətlər göstərmişəm. Kim indi nə danışırsa, Allah özü bilsin.

Xahişim də budur ki, mətbuat şəxsi həyatıma hörmətlə yanaşasın. Hər şeyin zamana ehtiyacı var. Mən 1993-cü ildən mediada olmuşam. Jurnalistlərə həmişə hörmətlə yanaşmışam, onlar da sağ olsunlar, məni unutmurlar, zəng edirlər.

Ancaq mən artıq siyasətlə məşğul olmuram, bütün vaxtımı ailəmə, şəxsi həyatıma sərf edirəm. Ona görə də kimi ölkədən deportasiya edirlər, kimi bura gətirirlər, mənə maraqlı deyil.