Bu ayın 8-də İstanbulda saxlanılmış, 18-də azad edilmiş, 22-də isə yenidən tutuqlanmış “Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun barəsində yeni məlumatlar var.

Musavat.com Türkiyədə yaşayan etibarlı mənbəyə istinadən bildirir ki, “Quli” İstanbula yerləşdikdən sonra rəsmi qaydada soyadını dəyişməklə yeni sənədlər əldə edib. Yeni sənədində o, soyadını “İsmayılov” kimi qeyd etdirib.

22,5 il Azərbaycanda həbsdə yatmış, barəsində minlərlə yazı yazılmış “Quli”nin bu addımı atmasının səbəbi, güman ki, beynəlxalq marşrutlarda hərəkət edərkən, bir ölkədən başqa ölkəyə keçərkən sərhədlərdə problem yaşamamasını istəməsi üzündən olub.

Nadir İsmayılovun sənədindəki bu yenilik onun oktyabrın 18-də İstanbul 2-ci sülh-cəza məhkəməsində aparılan mühakiməsi zamanı bəlli olub.

Onun məhkəməyə verdiyi ərizədə ad-soyadı “Nadir İsmayılov” kimi qeyd olunub. Nadir İsmayılovun vəkili Emin Canacankatan müvəkkilinin dərhal azad edilməsi üçün ərizə verib və ayın 18-də N.İsmayılov sərbəst buraxılıb.

İndilikdə N.İsmayılovun oktyabrın 22-də yenidən saxlanılmasının səbəbi bilinmir.

Ancaq böyük ehtimalla bu, əvvəlki ittihamlarla bağlıdır.

Qeyd edək ki, həmin ittihamlar (Rusiyada çalışan iş adamlarından xərac tələb edilməsi) Rusiya tərəfindən irəli sürülüb.

“Quli”nin Rusiyaya və ya Azərbaycana ekstradisiya edilməsi məsələsi hələlik açıq qalır. O, Rusiya və Azərbaycan vətəndaşı deyil. Azərbaycan tərəfi belə bir tələb irəli sürməyib.