Almaniyada yaşamaq hüququ alan hər 10 nəfərdən yalnız biri əməkçi miqrantdır


 

AzEuroNews.com ➤ “Almaniyada yaşamaq hüququ alan hər 10 nəfərdən yalnız biri əməkçi miqrantdır. 2017-ci ildə Avropada ən cox yaşamaq hüququ alan əcnəbilər bu hüququ Polşada əldə edə biliblər”. Bu barədə  Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com -a daxil olan məlumatda qeyd olunur. 

Məlumatda bildirilir ki, Polşaya işləmək üçün gələnlərin əksəriyyətini Ukraynadan gedənlər təşkil edir. Almaniyada isə 2017-ci ildə təxminən 500 min nəfərə yaşamaq hüququ verilib. Onların yarıdan çoxunu qaçqınlar təşkil edir. Əməkçi miqrantlara yaşamaq hüququnun verilməsi baxımından Almaniya qonşu Avropa İttifaqı (Aİ) ölkələri ilə müqayisədə statistikada geri qalır. Məhz bu səbəbdən Almaniya hazırda “İmmiqrasiya haqqında” qanun layihəsi üzərində işi davam etdirir. 2017-ci ilin məlumatına görə, hər il Avropada yaşayan miqrantların sayı artmaqda davam edir.

2017-ci ildə Avropada dünyanın müxtəlif ölkələrindən olan 3,1 milyon nəfər yaşamaq, oxumaq və işləmək hüququna malik olub. Almaniya daha çox qaçqınları qəbul etdiyi halda Aİ üzv olan başqa ölkələr daha çox əməkçi miqrantları qəbul edib. Avropanın əsas statistika bazası hesab olunan “Eurostat”ın məlumatına görə, 2016-cı illə müqayisədə Avropada müvəqqəti yaşamaq icazəsi alanların sayı 4 faiz artıb. Aİ üzrə yaşamaq hüququ alanların çoxunu, təxminən bir milyonunu iş icazəsi ilə Avropaya gələnlər təşkil edir ki, bu da az qala bütün miqrantların üçdə bir hissəsi deməkdir. Əməkçi miqrantların qəbulu üzrə liderlik Polşaya məxsusdur. Polşa 683 min nəfərə müvəqqəti yaşamaq icazəsi verib ki, onun da 87 faizini əməkçi miqrantlar təşkil edir. Polşada əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə alan əcnəbilərin əksəriyyətini Ukrayna vəzəndaşları təşkil edir. 2017-ci ildə Polşaya qonşu Ukraynadan gələnlərin sayı 585 min nəfər olub.

“Eurostat”ın məlumatına görə, Almaniyada rəqəmlər fərqlidir. Belə ki, 2017-ci ildə 535 min nəfər Almaniyada yaşamaq hüququ əldə edib. Onların əksəriyyətini suriyalılar, əfqanlar və iraqlılar təşkil edir ki, onlardan da 269 min nəfər Almaniyada qaçqın kimi müvəqqəti yaşamaq hüququ əldə edib. Əmək fəaliyyətinə görə müvəqqəti yaşamaq icazəsi alaraq Almaniyaya gələnlərin sayı isə cəmi 53 min nəfərdir.