Kataloniyanın “Barselona” klubu futbol üzrə İspaniya çempionatının 10-cu turunda Madrid “Real”ı üzərində böyükhesablı qələbə qazanıb.

“Report” xəbər verir ki, “Kamp Nou” stadionunda keçirilən “El klasiko” oyunu ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniyalılarn heyətində yarımmüdafiəçi Filippe Koutinyo və Arturo Vidal, həmçinin “het-trik”ə imza atan hücumçu Luis Suares fərqlənib.

“Real”ın yeganə qolunun müəllifi müdafiəçi Marselo olub.

“Barselona” bu qələbə sayəsində xallarının sayını 21-ə çatdırıb və turnir cədvəlinə liderlik edir, “Real” isə 14 xalla 9-cu yeri tutur.

Növbəti turda Kataloniya komandası səfərdə “Rayo Valyekano”, Madrid klubu isə evdə “Valyadolid”lə qarşılaşacaq. Hər iki matç noyabrın 3-də olacaq.

İspaniya Primerosu. 10-cu tur

“Barselona” – “Real” – 5:1

Qollar: 1:0 – Koutinyo – 11, 2:0 – Suares – 30 (pen), 2:1 – Marselo – 50, 3:1 – Suares – 75, 4:1 – Suares – 83, 5:1 – Vidal – 87.

Bundan əvvəl “Barselona”nın baş məşqçisi “El Klasiko”nun Messi və Ronaldusuz maraqsız olmayacağını bildirmişdi.