Asim Mollazadə
Asim Mollazadə

Emil Salamoğlu/AzEuroNews.com ➤ “Bu seçkidən kimin qalib gəlməyindən asılı olmayaraq ümidvaram ki, Gürcüstan öz müstəqilliyini qoruyub saxlayacaq və eyni zamanda Azərbaycanla yüksək səviyyədə olan tərəfdaşlığı davam etdirəcək”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, parlamentin üzvü Asim Mollazadə AzEuroNews.com-a Gürcüstanda prezident seçkilərinin ikinci tura qalmasını şərh edərkən belə deyib.

Deputat ikinci turda kimin qalib gələcəyini xalqın iradəsindən asılı olduğunu vurğulayıb.

A.Mollazadənin fikrincə, Gürcüstanda yenidən Saakaşvili erasının başlanıb-başlanmayacağı da xalqın mövqeyindən asılıdır və seçkilərə kənar təsirlər yoxdur : “Gürcüstan Rusiyanın orbitində deyil, Avropa Birliyinə üzvdür. Rusiya tərəfindən daimi təzyiq var və seçkidən sonra da olacaq”.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır. Onlardan heç biri 50 faizlik səs baryerini aşa bilməyib.

Salome Zurabişvili səslərin 38,66 faizini, Qriqol Vaşadze 37,7 faizini, David Bakradze isə 10,97 faizini toplayıblar.

Bu, prezident seçkilərində səslərin 99,57 faizinin hesablanandan sonrakı nəticələridir. Beləliklə, Gürcüstan seçkisində II tur keçiriləcək.

Digər namizədlərin səs faizi isə çox aşağıdır. Gürcüstandakı prezident seçkilərində 25 namizəd mübarizə aparsa da, əsas mübarizə yuxarıda adları çəkilən 3 nəfər arasında gedib.

Hakim “Gürcü arzusu” partiyası Fransa doğumlu keçmiş xarici işlər naziri, müstəqil namizəd Salome Zurabişvilini dəstəkləyir.

Eks-prezident Mixail Saakaşvilinin tərəfdarları olan müxalifətçilər isə digər namizəd Qriqol Vaşadzeni dəstəkləyir.

Yeri gəlmişkən, 3-cüc əsas namizəd David Bakradze artıq bəyan edib ki, II turda tərəfdarlarını Qriqol Vaşadzeni dəstəkləməyə çağırır.

Bəzi ekspertlər prosesin hazırda xaricdə yaşayan eks-prezident Mixail Saakaşvilinin Gürcüstana qayıdığına doğru aparıldığını bildirirlər.

Qeyd edilir ki, ikinci turda Vaşadze seçiləcək, amnistiya elan ediləcək, Saakaşvili ölkəyə qayıdacaq, növbədənkənar parlament seçkisi keçiriləcək, Vahid Milli Hərəkat Partiyası qalib gələcək. Ardınca Mixail Saakaşvili səlahiyyətləri genişləndirilmiş baş nazir olacaq, Gürcüstanda ikinci islahatlar dalğası başlayacaq.