Azərbaycanda kişilər atalıq məzuniyyətinə çıxa bilərlər.

“Ölkə.Az” ARB TV-yə istinadən xəbər verir ki, amma çox az sayda kişinin atalıq məzuniyyətindən xəbəri var.

Ölkədə nəinki analar, həm də atalar məzuniyyətə çıxıb yeni doğulan körpəyə baxa bilərlər.

Əbülfət Bayramov – ƏƏSMN-in şöbə müdirinin müavini: “Əmək Məcəlləsinə görə məzuniyyət verilir. Bu halda da kişi işə götürənə müraciət edir. 14 gün məzuniyyət verilir”.

İki həftəlik atalıq məzuniyyəti bağlanan müqavilədən asılı olaraq ödənişsiz və ya ödənişli ola bilər. Lakin, əsasən bu məzuniyyət atanın şəxsi maaşından hesablanır.

Musa Quliyev – Millət vəkili: “Azərbaycanda ailə institutunun başçısı atadır. Qanunvericilik də buna imkan verir. Klassik ailə institutu qalıb deyə, nənələr də bu işə qoşulur və nəticədə ata məzuniyyət götürmür”.

Lakin atalara ayrılan bu məzuniyyət loru dildə desək onların nə işinə, nə də cibinə yaramır. Elə bu səbəbdən atalıq məzuniyyətini seçənlərə rast gəlmək olmur.

Əhməd Qəşəmoğlu – Sosioloq: “Cəmiyyətdə məzuniyyət sözü analarla daha çox bağlıdır. Atalar bunu özü üçün aşağılıq kimi başa düşür”.

Əksər xarici ölkələrdə atalıq məzuniyyəti ilə bağlı sabit qaydalar var. Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Almaniyada valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. Norveçdə də 14 həftəlik olan atalıq məzuniyyəti məcburidir.