Fransanın PSJ futbol klubu yeni rekorda imza atıb.

“Report” xəbər verir ki, Paris təmsilçisi Avropanın ən böyük beş liqasında ardıcıl 11 oyunda qələbə qazanan ikinci komanda olub.

Tomas Tuxelin baş məşqçi olduğu kollektiv XI turda səfərdə “Marsel”i 2:0 hesabı ilə məğlub etməklə, İngiltərə “Tottenhem”inin rekorduna şərik olub.

London klubu 1960/1961 mövsümündə ardıcıl 11 oyunun hamısında meydanı 3 xalla tərk edib və çempion olub. Bu rekordu son 58 ildə heç bir komanda qıra bilməyib.

Qeyd edək ki, PSJ mövsümün əvvəlində baş məşqçi postuna Tomas Tuxeli gətirib. Komanda 11 tur ərzində 39 qol vurub və 6 top buraxıb.