Böyük Britaniya hökuməti 2018-2020-ci illər üçün müdafiə xərclərini 1 milyard funt (təqribən, 1,3 milyard ABŞ dolları) artıracaq.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti parlamentin İcmalar Palatasında büdcə haqqında məlumat verən maliyyə naziri Filip Hammondun çıxışına əsasən yazıb.

Həmin məbləğ müdafiə büdcəsinin bu il mart ayında açıqlanmış 800 milyon funtluq artımına əlavə olaraq ayrılır və iki mərhələdə maliyyələşdiriləcək. Belə ki, cari maliyyə ilinin sonunadək 200 milyon funt, gələn maliyyə ili ərzində isə qalan 800 milyon funt ünvana yönəldiləcək.

Müdafiə xərclərinin əlavə artımı bu istiqamətdə geniş təbliğat kampaniyası aparmış müdafiə naziri Qavin Uilyamsonun qələbəsi olaraq dəyərləndirilir. Müdafiə Nazirliyi təmsilçisinin dediyinə görə, həmin addım ölkənin müdafiə qabiliyyətini saxlamaq, o cümlədən ABŞ-dan 48 ədəd beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarə tədarük etmək imkanı yaradır.