Azərbaycanda işəgötürənlərin kadr hazırlığında iştirakını stimullaşdırmaq üçün müvafiq normativ hüquqi baza və iqtisadi həvəsləndirmə mexanizmləri yaradılacaq.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda öz əksini tapıb.

Strategiyanın icrasında işəgötürənlər və işçilərlə münasibətdə inzibati yanaşmadan daha çox həvəsləndirmə yanaşmasına üstünlük veriləcək.

Sənəddə prioritet istiqamətlər kimi qeyd edilir ki, işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi, bacarıqların inkişafı, virtual müəssisələrin (təcrübə müəssisələrinin) yaradılması, peşəyönümü sisteminin daha səmərəli təşkili, səriştəəsaslı modul təlimin və iş yerində təlimin təşviqi, ömürboyu təhsil üzrə milli kvalifikasiya sisteminin formalaşdırılması nəzərdə tutulur.

Eyni zamanda, qeyri-formal və informal təhsil vasitəsilə əldə edilmiş səriştələrin tanınması, əlilliyi olan şəxslərin məşğulluğunun və əmək standartlarının yüksəldilməsi, əməkçi miqrantların sosial müdafiəsinin gücləndirilməsi, ikili peşə təhsili sisteminin (“dual study”) tətbiqi kimi məsələlər qarşıya qoyulan hədəflərdəndir.