Emil Salamoğlu/AzEuroNews.com ➤ Şərq ailələrinə məxsus mental ənənələrdən olan paltarın balkondan çıxan zivədən asılması yığışdırılmağa başlanır. Bakının binalarında balkonlardan zivələrin asılmasını daha görməyəcəksiniz.

Bakının meri kimi özünü aparan Eldar Əzizovun qərarı ev-ev, qapı-qapı xəbərdarlıq şəklində sakinlərə çatdırılır.

Şəhərin istərsə mərkəzi, istərsə kənar ərazilərində olan yaşayış binalarının sakinlərinə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri yaxınlaşaraq balkondan zivə asmamağı tapşırır.

Tapşırır ki, ikinci dəfə bu hal təkrarlansa, həmin mənzil sahibini inzibati qaydada cərimə gözləyir. Nərimanov rayonundan Sabunçu rayonuna qədər binaların qapılarını döyərək xəbərdarlıqlar olunub.

AzEuroNews.com olaraq sakinlərdən öyrənmişik ki, bu qərar total şəkildə icra olunmur. Hələ ki heç bir cəza tədbirləri görülməyib. Amma əhali getdikcə bu qaydalara əməl etməkdədir. Bu, həm də bir mədəniyyətdir.

Sakinlərə bildirilib ki, binaların həyətinə baxan balkonlar üçün bu qayda şamil edilmir. Yalnız küçəyə baxan balkonlarda zivə görünməməlidir.

Bu da o deməkdir ki, balkonlarda asılmış mələfə, corab, köynək, alt geyimlərini görməyəcəksiniz. Bakıxanovda yaşayan sakinlərdən biri deyib ki, RİH əməkdaşı onların qapısını döyüb:

“Dedi ki, xanım, indidən deyirik, işinizi bilin. Çöldən paltar asmaq olmaz. Görsələr gəlib cərimə yazacaqlar. Binaların görünüşünü, şəhərin mənzərəsini korlayır.

Mən də dedim ki, onsuz əvvəldən asmırdım. Balkonda dəmir zivə varımdır, indi hamı ondan istifadə edir, üzərində yuyulmuş paltarları qoyuram quruyur.

Nəyə lazımdır axı? Vallah, kənarda mədəniyyətsiz görünür. Bunu heç gərək deməsinlər, insanlar eləməlidir”.

Bəzi sakinlər yeni qadağaya etiraz etməsələr də, paltarlarını haradan asacaqlarını bilmirlər. Əksər mənzillərdə balkonlar hörülərək evə qatıldığı üçün paltar asmaq üçün nəzərdə tutulan alternativ qurğunu qoymağa yer yoxdur. Belə olduğu təqdirdə əksər vətəndaşlar yaş paltarlarını evdə qurutmalı olur.

Uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti icra hakimiyyətlərinə küçə və prospektlərə açılan balkonlardan zivələrin yığışdırılması tapşırığı verib. Bu məqsədlə icra orqanları sakinlərə xəbərdarlıq edərək balkonlardan zivələr yığışdırırlar.