Əli Əliyev
Əli Əliyev

 


Qarabağ Komitəsində müxtəlif qrupların adamları var


 

Emil Salamoğlu / AzEuroNews.com /Bakı   Vətəndaş və İnkişaf Partiyası sədri Əli Əliyevlə aprel seçkilərindən sonrakı ictimai-siyasi vəziyyət, müxalifətdaxili proseslər, Qarabağ Komitəsinin mitinqi, partiyanın ideoloji xətti və planları ilə bağlı söhbətləşmişik. VİP sədrinin AzEuroNews.com-a müsahibəsini təqdim edirik:


“2013-cü ildəki eyni mənzərə yaşana bilərdi


 

–  Əli bəy, prezident seçkilərinin aprelə çəkilməsini Cümhuriyyətin 100 illik tədbirləri və oktyabrda gözlənilən kənar müdaxilələr ilə izah edirdilər. Sizcə, bu altı ayda nələrsə dəyişdi, hansısa təhlükələr sovuşdu?

–   Əslində, hakimiyyət ola biləcək təhdidlərin qarşısını aldı. 2013-cü ildə olanların təkrarlanmaması üçün seçkini qabağa çəkdilər. Hakimiyyət növbəti dönəm ömrünü uzatmaq üçün müxtəlif iqtidardaxili faktorların da maneə olduğunu bilirdi.

Ona görə Rusiyada seçkilərin keçirilməsini əsas gətirib, SSRİ qurmaq planı olan bir dövlətdə seçki vaxtı uğurlu əməliyyat keçirdilər.

Rusiya prezident seçkilərinə daxil olan mərhələdə Azərbaycanda növbədənkənar seçki təyin edildi. Putin seçkidən sonra and içməmiş isə bizdə artıq seçki bitmişdi. Yəni, Azərbaycanda erkən seçkilərin əsas səbəb bu idi.

Eyni zamanda iqtidar daxilində narazı və Rusiyaya yaxın qruplaşma fəallaşa bilərdi və 2013-cü ildəki eyni mənzərə yaşana bilərdi.

 –  Bəzi mülahizələr isə ondan ibarətiydi ki, ABŞ oktyabrda İranı vura bilər və hakimiyyət regionda belə gərgin vəziyyətdə seçki keçirmək istəmir. Siz bu fikirləri bölüşürsünüzmü?

–  Mən bu fikirlə razılaşmıram. İndi beynəlxalq şərait dəyişib. Qərb və Rusiya arasındakı soyuq müharibə astanasındayıq.

Cənubi Qafqazda Gürcüstan Qərbyönümlü siyasət yürüdür, Ermənistanda Qərbpərəst qüvvə hakimiyyətdədir və bu halda Azərbaycanın qiyməti, çəkisi artır, bizə münasibət fərqlidir.

ABŞ İranı 30 ildir sanksiyalarla vurur, bu sanksiyaların yeni dalğası olacaq. O baxımdan seçkilərlə bağlı həmin versiya əsas diqqəti yayındırmaqdır.

 –  Seçkilərin nəticələri barədə Qərb təşkilatlarından da ciddi və gözlənilən səviyyədə sərt tənqidlər olmadı….

–  Mən belə deməzdim. Qərb təşkilatları tərəfindən qəti mövqe nümayiş oundu. Onların müdaxilə mexanizmi yoxdur. Lakin ATƏT tərəfindən birmənalı yekun sənəd tərtib olundu və iqtidara yaxın jurnalistlərin həmin konfransdakı həyasızlığı göstərdi ki, Qərb təşkilatları olduqca ciddi hesabat təqdim ediblər.


“Milli Şuranın namizədi seçkiyə buraxıldı, biz kənarda saxlandıq


 

–  Əli bəy, müxalifətin bu seçkilərdə ofsayd vəziyyətinə salındığını söyləmək olarmı?

– Baxır hansı müxalifət qüvvələri nəzərdə tutulur. Mən seçkilərə qatılmışdım, ancaq namizədliyim qeydə alınmadım. Hakimiyyət rəqabətdən çəkindi.

2013-cü ildə də Milli Şuranın namizədi seçkiyə buraxıldı, biz yenə kənarda saxlanmışdıq. Çünki hakimiyyət bizim tezislərdən narahat idi.


“Hakimiyyət düşmənçilik aparan müxalifəti görmək istəyir


 

– Bu sizin şəxsinizə olan münasibət idi, yoxsa başqa səbəb var idi?

–  Bizim prinsipial mövqeyimizlə bağlıdır. Vətəndaş və İnkişaf Partiyası fərqli müstəvidə, düşmənçilikdən uzaq mübarizə tərəfdarıdır. Bu da iqtidarı narahat edir. Hakimiyyət düşmənçilik aparan müxalifəti görmək istəyir.

Ona lazımdır ki, radikal siyasəti olan müxalifət qalsın, fərqli taktikası olan rəqiblə mübarizə aparmaq istəmir. Hakimiyyət uzun illər bu siyasi texnologiyadan istifadə edərək istəyinə nail olur.


“Qazanılmış kapital yığımının amnistiyasını açıqlayacağıq


 

– Sizin fərqli mübarizə dediyiniz nədən ibarətdir?

– Biz qazanılmış əmlakın, ilkin kapital yığımının amnistiyasını açıqlayacağıq. İqtisadiyyatın liberallaşması həyata keçirilməlidir, korrupsiyanın qarşısı alınmalıdır, normal məhkəmə sistemi olmalıdır.

–  Düşmənçilik edən müxalifət dediyiniz bunların hansının əksini söyləyib ki?

–  Həmin qüvvələr əmlak siyahıya alınmasına başlamışdı, kimin mülkünün harda necə istifadə olunacağını planlaşdırırdılar. Ya vəlvələdən, ya zəlzələdən, bu qüvvələr uzun illər məğubiyyətə düçar olsalar da, tezisləri təkrarlanır.

Konfutsi deyir ki, eyni taktikadan məğlub olmaqdansa onu təkrarlama. Yəni, ideoloji, fərqli dünyagörüşlü, radikallıqdan kənar mübarizə aparılmalıdır.

İlkin kapital yığımının arxasında dövlət durmalıdır və amnistiya ilə qanunsuzluqlara son qoyulmalıdır. Sonrakı dövrdə cinayət edənlərin artıq barəsində tədbirlər görülməlidir.

Biz hesab edirik ki, YAP-ın qanunsuzluğuna görə cəmiyyətin təhdid edilməsi yolverilməzdir. Milyardlara sahiblənmiş şəxslər investor kimi cəlb olunmalıdırlar və bu siyasi xəttimizi insanlar tərəfindən bəyənilir.

Sadəcə, onlar hakimiyyətin təzyiqlərindən çəkinirlər. Ona görə bizim bu fərqli mübarizə taktikamız hakimiyyətə sərf eləmir.

 –  Əli bəy, partiyanın parlament seçkilərində iştirak panı varmı?

– Bəli, iştirak edəcəyik.


“Komitədə müxtəlif cərəyanlar var


 

– Qarabağ Komitəsində də səhv etmirəmsə müşahidəçi qismində təmsil olunursunuz, bu nə ilə əlaqəlidir?

– Komitədə müxtəlif cərəyanlar var. Niyyət saf olsa da, müxtəlif qrupların adamları və hər kəs öz maraqları var. Burada başqa siyasi məqsədlər olduğu üçün biz müşahidəçi qismində təmsil olunuruq.

  – Hansı siyasi maraqlar və məqsədlər var?

–  Mən fakt olmadığı üçün deyə bilmərəm. Lakin biz niyyətin saf olmasına görə Qarabağ mitinqlərini dəstəkləyirik, bu problem gündəlikdə daim olmalıdır.

YAP da Qarabağ mitinqi etməlidir, İlham Əliyev özü mitinqdə çıxış eləməlidir. Bu mitinq iqtidara və dövlətə lazım idi.


“Düşənbə sammitinə qədər mitinq iqtidara maraqlı idi


 

– Bəs, sonra niyə YAP mitinqə dəstək vermədi?

–  Bu mitinqin təşkilinə zərurət Soçi görüşündən irəli gəlirdi. Lakin hakimiyyət Düşənbə sammitindən xəbərsiz idi. Bu sammitə qədər Qarabağ mitinqi iqtidara maraqlı idi.

Prezidentlərin Düşənbə görüşü Qarabağ mitinqinin əmsalını aşağı endirdi. Son zamanlar 5+2 Madrid prinsiplərindən, 7 rayonun qaytarılmasından danışılır. Bu razılaşma nə dərəcədə realdır?

Azərbaycanın 1-ci vitse prezidenti İtaliyada ən doğru mövqeyi nümayiş etdirdi və bildirdi ki, işğal olunmuş rayonlar da, Dağlıq Qarabağ da azad olunmalıdır, bu, dəyişməz mövqedir.

Biz də partiya olaraq bunu deyirik. Ancaq hakimiyyət Rusiyaya ciddi jestlər edir, Qarabağ üzərindən siyasi manipulyasiyalara yol verir.