Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Almaniyanın maliyyə naziri Olaf Şols (Olaf Scholz) hər saat üçün nəzərdə tutulan minumum əmək haqqının dərhal 3 avro artırılması təklifi ilə çıxış edib. Bu barədə məlumat AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən daxil olub. Məlumatda deyilir ki,  Almaniyanın tanınmış maliyyəçisi və siyasətçisinin sözlərinə görə, ən optimal saatlıq minimum əmək haqqı 12 avrodur. O, belə bir təkliflə “Bild” nəşrinə Dünya İqtisadiyyat günü (Weltspartag) ilə bağlı verdiyi müsahibəsində bildirib.

Olaf Şols
Olaf Şols

 Xatırladaq ki, hökumət hər saat üçün minumum əmək haqqının artırılması ilə bağlı müzakirələri iyul ayından davam etdirir. Görüşlərdə 2019-cu ildən bir saat üçün əmək haqqının minumum 9,19 avroya, 2020-ci ildən isə 9,35 avroya qədər qaldırılacağı bildirilmişdi. İndi isə maliyyə naziri bu məbləğən birdən birə 3 avro qaldırılmasını təklif edir. Nazir hesab edir ki, işəgötürən şirkətlər əmək haqqına qənaət etməməli və bu təklifə anlayışla yanaşmalıdırlar.

Məlumat üçün bildirək ki, 2017-ci ilin yanvar ayından etibarən Almaniyada qanuni minimum əmək haqqı saatda 8.84 avrodur. Minimum “Əmək haqqının məbləğı haqqında” Qanuna görə, hökumət hər iki ildə bir dəfə bu məbləği qiymətləndirir.