Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

 

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Noyabr ayının əvvəlindən etibarən Almaniyada “Nağdsız hesablaşmalar haqqında” Qanunun (Zahlungskontogesetz, ZKG) yenilənmiş versiyası qüvvəyə minib. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat”  inteqrasiya mərkəzindən məlumat daxil olub. 

Maliyyə Nazirliyi (BMF ) banklardan istifadə qaydalarını əhalinin bütün təbəqələri üçün daha açıq və loyal etmək qərarına gəldi . Dəyişikliyə səbəb əsas bank xidmətləri, ödəniş sistemləri və xidmətləri ilə bağlı məsələlərə toxunan EC 2014 /92 N-li Direktivi oldu. Bu sənəd hələ 2014 -cu ilin yayında qəbul olunmuşdu. O vaxtdan Avropa Parlamenti, “şəffaflıq” kriteriyalarına daha ciddi əməl olunmasını təkid edirdi.

Söhbət hesablaşma hesabının xidməti dəyəri ilə bağlı tam dəqiq informasiyadan gedir. Çünki bir qayda olaraq bank hesablarının açılması, aparılması və bağlanması tarifi (haqqları) və onun xidmət haqqının ödənilməsi (adətən illik) qaydaları müqavilə imzalanarkən qeyd olunmurdu. 

Beləliklə, həmin əməliyyatlar avtomatik olaraq gizli iqtisadi məsrəflər kateqoriyasına düşürlər. Məsələn, bu məbləğlər avtomatik olaraq müştərinin hesabından silinirdi ki, bu da müştərinin vəsaiti üçün risqli vəziyyət hesab edilirdi. Hazırkı dəyişiklik belə nöqsanları aradan qaldırmaq üçündür. 

Dəyişikliyin əsas müddəalarından biri müqavilə bağlanmazdan əvvəl qarşıda duran bütün xərclər haqqında müştəriyə məlumat vermək bank əməliyyatçılarının öhdəsinə qoyur. Eləcə də maliyyə qurumu mütəmadi olaraq müştərilərə maliyyə hesabatlarını göndərməli olacaq (ildə bir dəfədən az olmayaraq və yalnız bildirişdən sonra). 

Növbəti daha vacib məqamlardan biri sığınacaq axtaran şəxslərin və hətta evsizlərin adına bankda hesabların açılacağına imkanın yaradılması ilə bağlıdır. Belə ki, əgər sığınacaq axtaran şəxs və ya evsiz biri bankda hesab açdırmaq üçün müraciət edərsə, bank işçisinin imtina etmək ixtiyarı yoxdur.