AzEuroNews.com  Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini Gündüz Mürsəlov baş vəzifəyə keçmək iddiasındadır. Bu haqda AzEuroNews.com-un əldə etdiyi xəbərə görə, mədəniyyət nazirinin müavini Vaqif Əliyevin ona dəstək olduğu bildirilir.

G.Mürsəlov idarə rəisi olmaq niyyətindədir və ona bir müddət gözləmək məsləhət görülüb. O, Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri işlədiyi dövrdə külli miqdarda yeyintilərə yol verməkdə ittiham olunub.

Elə bu səbəbdəndir ki, Tərtərdə kitabxana, mədəniyyət evləri və kənd klublarının bir çoxu bərbad vəziyyətdədir. O, bu işləri təkbaşına həyata keçirməyib.

Əksinə, elan edilmiş tenderləri əvvəllər Tərtərin keçmiş icra başçısı, indi Kürdəmirin İH rəhbəri Ceyhun Cəfərovun yaxın adamlarının əliylə yoluna qoyurmuş.

Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsi «Digər maşın və avadanlıqların satın alınması» məqsədi ilə 36500 manatı “Divanlı-SC” MMC-yə ayırıb.

Bundan əlavə şöbə 22600 manatlıq «Avadanlıqların satın alınması» prosesini “Odlu Ürək” MMC-yə həvalə edib.

44 min manatlıq «Bərk inventarların satın alınması» prosesi “Nur Yolu-A” MMC-yə, 7800 manatlıq Soba (odun) yanacağının satın alınması “Zərrə-FM” MMC-yə, 8800 manatlıq yumşaq inventarların satın alınması yenə “Zərrə-FM” MMC-yə verilib.

«Zərrə-FM» MMC təkcə bu işləri deyil, həmçinin şöbə üçün digər avadanlıqların alınması prosesini də həyata keçirib. Məsələn, 9400 manatlıq «İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması»nı bu şirkət reallaşdırıb.

Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınmasını da həyata keçirən “Zərrə-FM” MMC bunun müqabilində 12 min manata sahib olub.

Bir sözlə, Gündüz Mürsəlov maraqlı tender oyunları həyata keçirib. Bundan sonra Tərtərdəki vəzifəsindən çıxarılan şöbə müdiri Masallıda idarənin rəis müavini təyin olunub.

Görünür ki, gözdən itməyə çalışıb.

  Gündüz Mürsəlovla əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Onun mövqeyini dərc etməyə hazırıq.