14-15 iyun tarixlərində Ulan-Bator şəhərində Azərbaycan ilə Monqolustanın aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.

Bu barədə Trend Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına istinadən məlumat verir.

Dostluq şəraitində aparılmış danışıqların gedişində tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş” layihəsini razılaşdırıblar. İki ölkənin mülki aviasiya nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də Azərbaycan Respublikası ilə Monqolustan arasında müntəzəm uçuşların yerinə yetirilməsinin perspektivlərini müzakirə ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri danışıqların nəticəsi olaraq ölkələrimiz arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsi üçün əsas kimi götürüləcək müvafiq Protokolu imzalayıblar.

Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının mülki aviasiya nümayəndə heyəti Ulan-Bator beynəlxalq hava limanının fəaliyyəti ilə tanış olub.