İtaliyanın “İnter” klubu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə qarşılaşacağı İspaniya “Barselona”sı ilə matçın bilet satışından rekord gəlir əldə edib.

“Report” “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Milan təmsilçisi sözügedən oyunun bilet satışından 5.8 milyon avro qazanıb. Bu isə İtaliya futbolu üçün rekord göstərici hesab olunur.

“Roma” ötən mövsüm Çempionlar Liqasının yarımfinalında İngiltərə “Liverpul”u ilə matçda bilet satışından 5.2 milyon avro əldə edib. Həmçinin ötən mövsüm “İnter” – “Yuventus” duelində də eyni məbləğ qeydə alınıb.

Qeyd edək ki, bu gün keçiriləcək “İnter” – “Barselona” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.