Vüsal Novruzov
Vüsal Novruzov

Yunis Cəfərov/ AzEuroNews.com /Bakı   …Nə sirri xudadırsa, ardıcıl olaraq brilyant alverçiləri bir-bir yaxalanırlar. Ötən gün Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısı alıb.

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İsmayılov Aqil Əsfəndiyar oğluna məxsus əl yükü gömrükçülərin diqqətindən yayınmayıb.

Noyabrın 3-də isə İstanbul-Bakı aviareysinin sərnişini, Türkiyə Respublikası vətəndaşı Ecer Bilaldan gömrük nəzarətindən gizlədilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisi 95 qram olan 2638 ədəd brilyant qaşlar aşkar olunub.

AzEuroNews.com anaxeber.info-ya istinadla xəbər verir ki, bütün bunlar Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana qızıl-brilyant zinət əşyaları gətirib satan dörd qadının Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun sürücüsü tərəfindən iri məbləğdə aldadılması xəbəri ilə eyni vaxta təsadüf edir.

Bu hadisələr arasında bağlılıq olmaya bilər. Lakin qadınların mətbuata şikayət etməsinin ardınca aeroportda iki əməliyyat keçirilib və gizli yolla daş-qaş gətirənlər saxlanılıbsa, müəyyən şübhələrə yol açır.

Qadınların şikayətinə əsasən generalın ailə üzvlərinin sürücüsü Nəcəf Nəsirli öz rəisinin adından onlardan 615 min dollarlıq zinət əşyaları alıb və pulunu verməyib.

İstisna deyil ki, yaxalanan şəxlərin də sabiq gömrük rəisi ilə hansısa brilyant bazarlığı olacağı barədə gömrük orqanlarına səhih məlumatlar daxil olub.

Vüsal Novruzov isə məsələylə bağlı açıqlama verərək bu qalmaqala aidiyyatının olmadığını bəyan edib. Şübhəsiz ki, buna uşaq da inanmaz.

Ona görə ki, V.Novruzovun sürücüsünün daş-qaş nəyinə lazımdır, onun bu imkanları hardan ola bilər. Ən əsası – qadınlar niyə yalan danışsınlar ki?!

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov

Anaxeber.info yazıb ki, Vüsal Novruzovun qızıl-brilyant alveri ilə məşğul olması haqda bir müddət əvvəl mediada yazılıb. Onun bu işdə sabiq MTN rəhbəri Eldar Mahmudovla şərikli fəaliyyəti haqda da məlumatlar yayılıb.

Onun fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevlə şərikliyi var. Onlar birlikdə qızıl-brilyant alverilə məşğul olurlar. Rəfail Mirzəyevin Bakıda qızıl mağazaları var, ailə üzvləri tərəfindən idarə olunur.

Vüsal Novruzov isə təbii olaraq bu məsələdə gömrük proseslərinə nəzarət edir. Yəni, generalın “mənim qızıl-brilyant biznesim yoxdur” deməsi doğrudur, çünki birbaşa özünün deyil, şəriklidir. Ümumiyyətlə isə V.Novruzovla R.Mirzəyevin bir çox sahələrdə şərikli işləri var.

Rəfail Mirzəyev
Rəfail Mirzəyev

Qeyd edək ki, generalın sürücüsü tərəfindən aldadılanlar Gülarə Əliyeva, Bağda Hacıyeva, Naibə Nəcəfova və Aytən İbrahimovadır. Qadınlar deyirlər ki, Nəcəf Nəsirli ilə onların arasında qızıl-brillyant alış-verişi 2013-cü ildən başlamışdı.

Deputat Vahid Əhmədov isə Gömrük Komitəsində 27 milyard manatın mənimsənildiyini açıqlayıb və bu faktı hüquq-mühafizə orqanlarının araşdırmalı olduğunu söyləyib.

Millət vəkilinin sözlərindən də belə çıxır ki, prokurorluq sabiq gömrük rəisi Aydın Əliyev, Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzovun fəaliyyətini araşdırmalıdır.