Səhər saatlarında Bakının “Neftçilər” metrostansiyası yaxınlığında qəza nəticəsində ölən süpürgəçi qadınının kimliyi məlum olub.

Bu barədə Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, qadın hadisə yerində həyatını itirib:

“Bu gün səhər saat 07:00-da paytaxtın Nizami rayonu Qara Qaryev prospektində “90-DX-135” dövlət nişanlı, “Hyundai” markalı avtomobili idarə edən Şirinov Vurğun Yavər oğlu həmin ərazidə təmizlik işləri aparan 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı Nizami rayonu polis idarəsində cinayət işi qaldırılıb”.