Rəşad Quliyev
Rəşad Quliyev

 

Fərhad Çağtürk / AzEuroNews.com    “Azərbaycana gələn turistlər ölkənin qanunlarına hörmət etməlidirlər. Bura onlar üçün zibilxana deyil”. Bunu AzEuroNews.com-a alman turistlərin köhnə avtomobilləri ilə Azərbaycana avtoyürüş keçirməsi ilə bağlı danışan “VİP Escort” şirkətinin rəhbəri, avtomobil bazarı üzrə ekspert Rəşad Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan yarışın təşkilatçısı olan şirtkətə rəsmi şəkildə xəbərdarlıq etməlidir. 

“Təbii, onların turist kimi ölkəmizə gəlmələrinə bir söz demirik. Xoş gəlirlər. Amma hər bir əcnəbi Azərbaycanın qanunlarına hörmətlə yanaşmalı, ona əməl etməlidir. Avtoyürüşdə iştirak edən avtomobillərin buraxılış ili köhnədir. Və “Avro 4” standartından aşağıdadır. Azərbaycanın mövcud qanunvericiliyində, konkret olaraq  Gömrük Bəyanaməsinə əsasən buraxılış ili 2005- ci ildən aşağı və “Avro 4” tələbinə cavab verməyən nəqliyyat vasitələrinin ölkəyə idxalı qadağandır. Həmin nəqliyyat vasitələri ölkədə qala bilməz, geri qaytarılmalıdır” deyə şirkət rəhbəri vurğulayıb.

Foto © europa-orient-rallye.de
Foto © europa-orient-rallye.de

R.Quliyev bildirib ki, alman turistlərin yürüşün sonunda avtomobillərini Bakıda atıb getmələri Azərbaycan dövlətini xərcə salır : “Avtomobillərin sənədləşməsi aparılmadığından onların alqı-satqısı mümkün deyil. Belə olan halda Azərbaycan həmin avtomobilləri dayanacaqlarda saxlayır. Dayanacaqda yerin kirayələnməsi də əlavə vəsaitdir. Onları antik avtomobil kimi də qeydiyyatdan keçirmək olmaz. Çünki qanunvericilikdə göstərilib ki, nəqliyyat vasitəsinin bu cür qeydiyyata alınması üçün onun istehsal tarixindən 40 il keçməlidir”.

Avtoekspert deyib ki, yaxşı olar ki, bu barədə rəsmi Bakı həmin yarışı təşkil edən şirkətə yazılı şəkildə xəbərdarlıq etsin : “Ola bilər ki, onlar Azərbaycan qanunlarından xəbərsizdirlər. Bu normaldır”. 

Məlumat üçün bildirək ki, Almaniyadan Azərbaycana turistlərin avtoyürüşü təşkil olunacaq. Bu barədə Azərbaycanın “Report” informasiya agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, Almaniyada ənənvi keçirilən köhnə avtomobillərin yürüşünün növbəti finişi Azərbaycanın Abşeron yarımadasında olacaq.

Foto © Youtube.com
Foto © Youtube.com

2019-cu il mayın 11-də Almaniyannın Bavariya əyalətindən start götürəcək yarış iştirakçıları ümumilikdə finişə qədər 12 ölkədən keçəcək. Sürücü və sərnişindən ibarət komandaların yürüşünün finiş xətti Azərbaycanın Abşeron yarmadasındakı “Yanardağ” olacaq. 

Turistlər “Yanardağ”la tanış olduqdan sonra Bakının digər tarixi yerlərini gəzib, ənənəvi qaydalarına uyğun olaraq olaraq avtomobilləri burada qoyaraq gedəcəklər.

Yarışmanın əsas şərtlərindən biri avtomobillərin köhnə olmasıdır. Ona görə, yarış iştirakçıları dəyəri 1000 avrodan çox olmayan avtomobillərdən istifadə etməlidirlər.

Sürücülərin naviqasiyadan istifadə etmələri də qadağandır. Komandalar özləri müstəqil şəkildə fasilə verə, keçəcəkləri on iki ölkədə gecələyə bilərlər.

Bakıda “Yanardağ”ı tapıb ona ilk çatan komandanı isə pul mükafatı gözləyir.