Sabirabad Rayon İcra Hakimiyyətinin rəsmi qəzeti olan “Suqovşan”ın işçiləri aylardır ki, maaş ala bilmir.

AzEuroNews.com xəbər verir ki, qəzetin baş redaktoru imzası ilə çıxan məqalədə problemi ətraflı yazıb.

Bu faktı ilk cahan.info yazıb. Saytın yazdığına görə, baş redaktorun  məqaləsində vəziyyətin dramatikliyi, o cümlədən yerli idarə müdirlərinin “acından günortda yuxudan oyandığı” qeyd olunub.

Məqalədən bir hissə sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə yol açıb. Aydın olur ki rayonun rəsmi qəzetində maaşlar aylarla gecikir.
Axırıncı dəfə may ayının maaşını alıblar. Qəzet rəhbərliyi büdcə təşkilatları rəhbərliyinə onlara maddi kömək üçün üz tutsa da, onlar deyib ki, vəziyyət “ruscadır”, pul yoxdur.

Məqalədən o da aydın olur ki, rayon təhsil şöbəsinin müdiri Pəhlivan müəllim borc içində batır. O öz acınacaqlı durumun redaksiya heyətinə çılpaqlığı ilə təsvir edib.

Təhsil şöbəsi müdiri qəzetin çapına dəstək verəcəyini öhdəsinə götürsə də, borclarına görə müflis olduğunu bildirib. Qəzet də yazır ki, adamın ona lap yazığı gəlir.

Bundan əlavə, Sabirabad məktəblərində pedaqoji heyətdən pul yığılır və o pulların hara, nə üçün xərclənməsi məlum məqalədə üstüörtülü şiddətli eyham formasında əks edilib. Maddi sıxıntı o “həddə” olub ki, rayonun qəzetinin çapında gecikmə olub.

Yerli idarə müdirlərinin qəzetə maliyyə dəstəyi verməməsini hardasa anlamaq olar. Bəs, Sabirabadın icra başçısı Nazim İsmayılov RİH-nin təsisçiliyi ilə çap olunan qəzetə niyə maliyyə vermir?
Nə üçün baş redaktor qapı-qapı düşüb, idarə rəislərinə yalvarmalı, ağız açmalıdır? Məgər Sabirabad RİH-nin qəzet çıxarmağa pulu yoxdur?
N.İsmayılov oğluna villa tikdirə, maşınlar ala bilir, Göyçayda xaniman yaradır, özü hər gün restoranda nahar edir, amma bir qəzet çap etmək üçün baş redaktoru idarələrin qapılarında süründürür.