AzEuroNews.com /Bakı   Salyanın Taleh Bağırzadə küçəsi, ev 50 ünvanda qeydiyyatda olan Tağıyev Nuramin Rza oğlunun valideynləri xezerpress.az-a müraciət edib. AzEuroNews.com xəbər verir ki, hazırda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə keçən N.Tağıyevlə bağlı anası bildirib ki, övladı 10 may 2000-ci il təvəllüdlüdür.

Onun sözlərinə görə, oğlunun sağ ayağının alt hissəsi anadangəlmə düzdür: “Həkim müayinəsi zamanı ayağındakı problemlə bağlı ona 2 (qeyri-kafi), gözündəki problemlə bağlı 3 (kafi), ürəyindəki yırtıqla bağlı isə 3 (kafi) qeydiyyatı yazdılar. Övladımızdakı belə bir problemlərin varlığına və rəhbərliyin, hərbi həkim komissiyası üzvlərinin əmələ gələnlərlə bağlı ətraflı xəbərdar olmalarına baxmayaraq, Nuramini bu ilin 4 iyul günü Salyan komissarlığından hərbi xidmətə göndərdilər”.

Valideyn qeyd edib ki, Salyanın komissarı uşağı hərbi xidmətə göndərməmək üçün 3 min manat istəyib, amma buna maddi imkanı çatmayıb: “Nuramini hərbi xidmətə “yararlıdır” adı altında göndərdilər. Artıq həmin vaxtdan iki aydan bir qədər çox vaxt keçib. Elə ki, “N” saylı hərbi hissədə xidmətdə olan övladımızın görüşünə gedirik, o, daim ayağındakı, gözündəki və ürəyindəki problemlərindən şikayətlənir”.

Qeyd edək ki, son zamanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə və idarələrindən şikayətlər kütləviləşib.