Azərbaycandan siyasi sığınacaq axtaranların sayı kiçik bir şəhərin əhalisinin sayı ilə müqayisə ediləcək qədərdir – 40 min nəfərdən çox. Bu qədər sayda Azərbaycan vətəndaşı ötən on ildə dünyanın müxtəlif ölkələrində siyasi sığınacaq üçün müraciət edib. Onların hər biri müxtəlif növ risklərlə qarşılaşır – bir çox insan hətta ölkədən getməyə imkan tapmadan fırıldaqçıların yalanının qurbanına çevrilir və xeyli vəsait itirirlər; digərlərini isə deportasiya və vətənlərində xüsusi xidmət orqanlarının əzablı sorğu-sualları gözləyir. Meydan TV nəyin bahasına olursa-olsun, Azərbaycandan Avropaya köç etməyi qarşısına məqsəd qoyan insanların nələrlə üzləşdiyi haqda danışır.