Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək idmançıların podium məşqləri keçirilir.

Trend-in məlumatına görə, 17-18 noyabr tarixlərində Bakıda Milli Gimnastika Arenasında ilk dəfə olaraq gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kuboku təşkil olunacaq.

Yarışda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunacaq.

Ölkəmizi bu kubokda son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı təmsil edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparacaq.

Turnirdə ən yüksək icra xalını toplamış cütlüklər və qruplara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Trend məşqlərdən fotoreportajı təqdim edir.