Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf“Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Azərbaycan vətəndaşlarının sığınacaq istəyini qəbul etməməsi çox vaxt onların Bakıda saxta sənədlərlə viza alması ilə bağlı olur”. Bunu AzEuroNews.com-a açıqlamasında Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev deyib.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Onun sözlərinə görə, belə olan halda qərar qəbul edən məmur hesab edir ki,  bu yolla viza əldə edən şəxsin status almaq üçün verdiyi sənədlər də saxta ola bilər: “Məzmunun tərcüməsi və imtinanın əsaslarını dəqiqləşdirmək üçün BAMF tərəfindən Azərbaycan Respublikası vətandaşları haqqında qəbul edilən xeyli qərarla tanış olmuşam. Həmin qərarların 60 %-dən çoxunda imtinanın əsaslarından biri kimi, həm də Bakıda viza üçün təqdim edilən sənədlərin saxtalığı göstərilir. Qərar qəbul edən məmur hesab edir ki, bu yolla viza əldə edən şəxsin status almaq üçün verdiyi sənədlər də saxta ola bilər. 

Həqiqətən təqiblərə məruz qalırsınızsa, sizə təklif edilən saxta sənədləri almayın. Bu sənədlərlə viza əldə etmək və Avropaya gəlmək təhlükəlidir. Bu halda cəhdləriniz boşa çıxacaq, üstəlik maddi və mənəvi zərərlə üzləşəcəksiniz”.

Məlumat üçün bildirək ki, bu ilin ilk 10 ayında Almaniyada qaçqın statusu üçün müraciət edən azərbaycanlıların sayı məlum olub. “Report”un Avropa Bürosunun Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən əldə etdiyi məlumatına görə, 01.01.2018- 31.10.2018 tarixləri arasında 1997 Azərbaycan vətəndaşı Almaniyadan qaçqın statusu almaq üçün müraciət edib. 2016-cı illə müqaisədə bu rəqəm iki dəfədən də azdır. 

Onlardan 1526 nəfəri ilk dəfə, digərləri isə təkrar müraciət edənlərdir. Qaçqın statusu üçün müraciət edənlərdən 179 nəfərinə müvəqqəti yaşamaq icazəsi verilib. 1449  nəfər haqqında Dublin sazişinə görə başqa ölkəyə göndərilmə haqqında qərar çıxarılıb və ya onlar könüllü Azərbaycana qayıdıblar.