İtaliyanın “Milan” klubunun rəhbərliyi ABŞ təmsilçisi “Los-Anceles Qelaksi”nin futbolçusu Zlatan İbrahimoviçin agenti Mino Rayola ilə görüşüb.

“Report” “Milan News”a istinadən xəbər verir ki, klub rəsmiləri 37 yaşlı hücumçu üçün 4 saatlıq danışıq aparıb. Müzakirənin əsas mövzusu isveçli forvardın İtaliya təmsilçisinin düşərgəsinə qayıtması olub.

Bildirilir ki, “Milan” İbrahimoviçə 6 ay + 6 ay şərti ilə müqavilə təklif edib. Oyunçu isə öz növbəsində 18 aylıq sözləşmə istəyib. Onun ABŞ klubu ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatacaq.

Qeyd edək ki, İbrahimoviç 2010 – 2012-ci illər aralığında “Milan”da çıxış edib.