Fərhad Çağtürk / AzEuroNews.com / Sumqayıt ➤ Sumqayıt şəhərində istehsalat zamanı bədbəxt hadisə baş verib. AzEuroNews.com xəbər verir ki, olay zamanı Yasamal rayon sakini 1991-ci il təvəllüdlü Fərhad Mətləb oğlu Quluzadə dünyasını dəyişib. Olayın Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunda baş verməsi haqda xəbərlər var. Qeyd olunur ki, fəhlənin ölümü texniki təhlükəsizlik qaydalarına riayət olunmaması üzündə baş verib. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib. Hazırda olayla bağlı Sumqayıt Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Rasim Məmmədovun rəhbərlik etdiyi zavodlarda zaman-zaman fəhlələrin məhz texniki təhlükəsizlik qaydalarına riayyət etməməsi səbəbindən bədbəxt hadisələr qeydə alınmaqdadır.

2014-cü ildə Rasim Məmmədovun rəhbərlik etdiyi “Baku Steel Company” MMC-də 1985-ci ildə Qadir Akif oğlu Qafarovun ölümü ilə nəticələnən olay baş vermişdi. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, hündürlükdən yıxılaraq dünyasını dəyişib.

“Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədov
“Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədov

Elə həmin il yenə də “Baku Steel Company” MMC-də  ölümlə nəticələnən olay qeydə alınıb. Oksigen sexində qaz balonu partlayıb. Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri – Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.

Faktlarla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən hər dəfə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma – ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, gəlinən nəticə haqda ictimiyyətə hər hansı bir açıqlama verilməyib.

2 il sonra həmin zavodda daha dəhşətli olay baş verib. “Baku Steel Company” zavodunda istehsalat zamanı partlayış baş verib. Nəticədə 5 nəfər xəsarət alıb. Həmin şəxslər zavodda işləyənlər – Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini, 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanov idi.

Həmin faktla da bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı.

2016-cı ildə  “Baku Steel Company” MMC-də çalışan bir qrup işçi adından həmin ölüm olayları, partlayışlarla əlaqəli “Təzadlar”a müraciət təqdim edilib. Ölkə başçıs İlham Əliyevə ünvanlı müraciətdə deyilirdi.

Sitat:

Cənab Prezident!

Hörmətli redaksiya!

Bildiririk ki, “Baku Steel Company” MMC-də 2014-cü ilin sentyabrın 15-də də oxşar partlayış olmuşdu. Hətta ölənlər də olmuşdu… Məsələ ondadır ki, monopolistlər, rəqabətsizlik, iş prosesinin (iş şəraitinin, malın, xidmətlərin) keyfiyyətinin səviyyəsini Sovet dövrü səviyyəsinə endirir (uzaqdan onun “reklam”ı nabələdlər və yaltaqlar üçün təmtəraqlı görsənsə də). Sirr deyil ki, Azərbaycanda zor gücü ilə “dəmir” monopolisti olan “Baku Steel Company” MMC rəhbəri olan Rasim Məmmədovu çoxdan, uşaqlığından tanıyırıq. Onun necə xarakterə malik olduğunu hamımız bilirik. Onun kimilər üçün hansısa “axmaq fəhlələr” sadəcə “işçi qarışqa” və “qapazaltı zümrə” kimi bir şeydir. Onların nə qədəri ölsə də, mənası yoxdur. O, gündüz həmin ölülərin yasına da gedə bilər, axşam isə… Hətta ölənləri söyə də bilər, çünki…”

Mövzu ilə bağlı “Baku Non Ferrous and Foundry Company” MMC və sahibi Rasim Məmmədovla əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Onun da mövqeyini öyrənib dərc etməyə hazırıq.