Foto © Gerd Altmann / pixabay.com
Foto © Gerd Altmann / pixabay.com


Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf ➤ Miqrant və qaçqınların övladları keyfiyyətli təhsil ala bilmir. Bu barədə AzEuroNews.com – a Almaniyada fəaliyyət  göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.

Məlumatda deyilir ki, YUNESKO-nun yeni hesabatına görə, miqrant və qaçqın uşaqlarının milli təhsil sisteminə cəlb olunmasında kifayət qədər irəliləyiş yoxdur. Əgər normal təhsil sistemi qurulsaydı, bu gün dünyada miqrant və qaçqın uşaqları yarım milyon sinfi doldura bilərdilər.
2019-cu il təhsilin monitorinqi haqqında olan “Miqrasiya, məcburi köçkünlər və təhsil mövzusunda YUNESKO-nun Ümumdünya hesabat təqdimatı: maneçiliklər yaratmaq əvəzinə körpülər salmaq” adlı hesabat baş direktor Odri Azulenin iştirakı ilə 20 noyabrda Berlində təqdim olunub. Hesabatda bildirilir ki, məktəbyaşlı miqrant və qaçqın uşaqlarının sayı bütün dünyada 2000-ci ildən 26% artıb, bu uşaqlar yarım milyon sinif otağını doldura biləcək qədərdir.
Hesabatda miqrant və qaçqın uşaqlarının və onları qəbul edən cəmiyyətlərin maraqlarına xidmət edən keyfiyyətli təhsil hüququnun təmini sahəsində ölkələrin müvəffəqiyyət və nöqsanlarından bəhs edilir.
Bu uşaqların keyfiyyətli təhsilə olan haqqı daha çox kağız üzərində təsdiq olunsa da, gündəlik olaraq sinif və məktəblərdəki durum fərqlidir. Bu hüquqlar bəzən də açıq şəkildə ayrı-ayrı hökumətlər tərəfindən pozulmaqda davam edir. 2016-cı ildə qaçqın və miqrantlar barədə Nyu-York Bəyannaməsinin imzalanmasından keçən 2 il müddətində qaçqınlar 1,5 milyard təhsil gününü buraxıblar.
Buna baxmayaraq, ən böyük qaçqın axını olan 10 ölkədən 8-ində qaçqınların milli təhsil sisteminə cəlbində irəliləyişə nail olunub.
Aşağı səviyyəli gəlirə görə rekordçu ölkələr Çad, Efiopiya və Uqandadır. Kanada və İrlandiya immiqrantların təhsili sahəsində inklüziv siyasətin həyata keçirilməsində dünya liderləri sırasına daxil olub.
UNESKO-nun baş direktoru Odri Azulenin də təsdiqlədiyi kimi, miqrant və qaçqınların təhsili məsələsi diqqətə alınmayanda hər kəs uduzmuş olur: “Təhsil inklüzivlik və birliyin açarıdır. Baxmayaraq ki, sinifdə müxtəlifliyin artması müəllimlər üçün çətinlik yaradır, buna baxmayaraq, bu, həm də müxtəlifliyə hörmət etməyə səbəb olur və başqalarından öyrənmək imkanı yaradır. Bu, cəmiyyətləri daha güclü və dözümlü etmək üçün ən yaxşı üsuldur”.

Dünyada qaçqınların yarıdan çoxunun yaşı 18-dən aşağıdır. Buna baxmayaraq, ölkələrin çoxu onları öz milli təhsil sistemindən kənarlaşdırır. Avstraliya, Macarıstan, İndoneziya, Malayziya və Meksika kimi ölkələrdə miqrantların saxlama mərkəzindəki yetkinlik yaşına çatmayan sığınacaq istəyənlər təhsildə məhdudlaşdırılmış imkana malikdirlər, əlbəttə belə bir imkan varsa. Banqladeşdən roxinc xalqının qaçqınları, Tanzaniya Birləşmiş Respublikasında Burundiyadan olan qaçqınlar, Tailanddan karen qaçqınları və Pakistanda bir çox əfqan qaçqınları yalnız ayrı, qeyri-rəsmi icma və ya xüsusi məktəblərə gedə bilirlər, onlardan bəziləri sertifikat almayıblar. Qaçqın və miqrantları qəbul edən bəzi ölkələr təhsil alan qaçqınları sosial inteqrasiya və perspektiv işə düzəlmənin təkmilləşdirilməsi üçün lazım olan dil hazırlıqları (tədrisi) ilə təmin etmirlər.
Hesabat müəllifləri Ruanda və İran İslam Respublikası kimi ölkələrin qaçqınların yerli həmyaşıdları ilə birlikdə məktəbə getməsini təmin edən mühüm investisiyalarını qəbul edir. Türkiyə 2020-ci il üçün bütün qaçqınları milli təhsil sisteminə daxil etməyi öhdəsinə götürüb. Şərqi Afrikanın 7 ölkəsi də həmçinin, bunu öz boynuna götürür. Uqanda artıq bu vədi yerinə yetirib.
Miqrant və qaçqınların milli təhsil sisteminə daxil edilməsi səyi olsa da, bunun üçün hazırlaşdırılmış müəllimlərin çatışmazlığı ilə nəticəsiz qala bilər. Livanda son 2 ildə yalnız 55% müəllim və tədris müəssisələrinin işçiləri təhsil alan qaçqınların tələblərinin təmin olunması üçün müvafiq ixtisas hazırlığı keçiblər. Bütün qaçqınları keyfiyyətli təhsillə təmin etmək üçün Almaniyada 42 min yeni müəllim tələb olunur. Bu say Türkiyədə 80 min, Uqandada isə 7 mindir.
Aşağı və orta gəliri olan ölkələr 89% qaçqın qəbul edirlər, ancaq onlar bu tapşırığı yerinə yetirmək üçün kifayət qədər vəsaitə malik deyillər. Donorlar qaçqınların təhsilinə sərf olunan vəsaiti 3 dəfə artırmalı və onlara uzun müddət dəstək olmalıdırlar.

İmmiqrantlar arasında təhsil alanların payı 2005-dən 2017-ci ilə qədər yüksək gəlir əldə edən ölkələrdə 15%-dən 18%-ə qədər artıb. Hazırda onların sayı 36 milyondur, bu, Avropada məktəbyaşlı uşaqların ümumi sayına bərabərdir. İmmiqrantların hazırkı axın tempi qorunarsa, bu göstərici 2030-ci ilə 22%-ə qədər arta bilər. Buna baxmayaraq, immiqrantların uşaqları müvəffəqiyyət əldə etmək üçün bərabər imkanlara malik deyillər. 2017-ci ildə Avropa ölkələrində olan gənclər (Avropa ölkələrindən xaricdə doğulmuş), öz yerli yaşıdları ilə müqayisədə təhsillərini 2 dəfə daha tez vaxtından əvvəl tərk etməyə məcbur qalıb. 2015-ci ilin məlumatlarına görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində təhsil alan ilk nəsil immiqrantlar öz yerli yaşıdları ilə müqayisədə 32% daha az oxuma qabiliyyəti, riyazi biliklərə sahibdirlər və daha az elmi biliklər əldə edirlər.
Təhsil monitorinqi uzrə ümumdünya hesabatı hazırlığı üzrə qrupun direktoru cənab Manoş Antoninis bu barədə bildirib: “İmmiqrantlar məktəbə gələn kimi ölkələr məsələnin həll olunduğunu düşünməməlidirlər. Onlar digər bir çox məsələlərdə kənardadırlar. İmmiqrantların uşaqları daha zəif proqramlar üzrə və ya problemli rayonlarda yerləşən kifayət qədər maliyyələşdirilməyən müəssisələrdə təhsil alırlar. Buna baxmayaraq, hazırda demək olar ki, bütün ölkələr təhsil sahəsində bir sıra əsas öhdəliklərə malik miqrant və qaçqınlar üzrə 2 qlobal müqaviləyə imza atıblar. Bu, çoxdan gozlənilən dönüş anı ola bilər”.
Kanadada – iqtisadi inkişafa malik 7 ölkə sırasında daha çox immiqrant payına malik olan bu ölkədə – uşaqlar miqrasiya ilə bağlı məsələləri 2-ci sinifdən öyrənməyə başlayırlar. Multikultiralizm prinsipi ölkənin konstitusiyasında təsbit edilib. İrlandiya – Avropa İttifaqında daha çox birinci nəsil immiqranta sahib olan ölkədir. Dərin maliyyə böhranı yaşamasına rəğmən, mədəniyyətlərarası təhsil strategiyasının maliyyələşdirilməsinə nail olub.