Fərhad Çağtürk / AzEuroNews.com /Düsseldorf ➤  Almaniya hökuməti dekabr ayında əmək bazarında tələb olan mütəxəssislərin xaricdən gətirilməsini təmin edəcək. Bunu “İmmiqrasiya haqqında” Qanunun qəbulu təmin edə bilər. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.

Məlumatda deyilir ki, bu, həm də sığınacaq üçün müraciətləri rədd edilmiş və işləyən miqrantların ölkədə qalmasını təmin edəcək. Almaniyanın 3 federal nazirliyi – Daxili İşlər, İqtisadiyyat və Əmək nazirlikləri arasında “İmmiqrasiya haqqında” Qanun layihəsinin son variantda qəbul edilməsi barədə razılıq əldə edilib. Yerli KİV-in verdiyi məlumata əsasən, noyabrın 20-də əldə olunan razılığa görə, son 18 ay və həftə ərzində 35 saatlıq əmək fəaliyyətilə məşğul olan əcnəbilərə 2 illik iş vizası veriləcəyi gözlənilir.

Xatırladaq ki, Almaniya hökuməti bu qanunla Almaniyada sığınacaq üçün müraciətləri rədd edilmiş miqrantlara fürsət vermək niyyətindədir.

“Süddeutsche Zeitung” bildirir ki, qanun əmək müqaviləsi olan, rəsmi olaraq mütəxəssis kimi tanınan, gələcəkdə əmək fəaliyyətilə məşgul olanlara da şamil edilə bilər. Bu qanunla nəzərdə tutulan başqa bir yenilik ixtisaslı mütəxəssislərin iş tapmaq üçün ölkəyə 6 aylıq daxil olma hüququnun tanınması ilə bağlıdır. Bunun üçün əsas şərt kimi alman dilini bilmək və həmin müddətdə tələb olunan maliyyə xərclərini qarşılamaq imkanı nəzərdə tutulur.

Almaniya hökuməti bu qanun layihəsinin qanunverici orqanda müzakirəsini dekabr ayına (19.12.2018 -ci il) planlaşdırır.