Simvol foto © Denise Husted / pixabay.com
Simvol foto © Denise Husted / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf   Almaniya Federal Cinayət Polisinin hesabatına görə 2017-ci il ərzində 138893 nəfər ailədə partnyoru tərəfindən zorakılığa məruz qalıb. Bu zorakılıq halları qəsdən və ya ehtiyatsızlıqla adam öldürmə, ölümə cəhd, döymə, zorlama, hədə-qorxu, habelə məcbur etmə kimi cinayətlərdən ibarət olub. Bu barədə AzEuroNews.com – a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, zorakılıq qurbanları bir qayda olaraq qadınlar olur.  138893 nəfər qurbandan 113965 nəfəri qadınlar olmuşdur ki, bu da qurbanların 82%-i deməkdir. Kriminal polisin məlumatına görə ailə zorakılığı nəticəsində 147 qadın öldürülüb. Statistikaya görə bu cinayətlərin 65%-i alman ailələrində, 35%-ə yaxın miqrant ailələrində baş verib. Cinayətlərin 50%-i birgə yaşayan partnyorlar tərəfindən törədilib.

“Ailə zorakılığına məruz qalan qadınların müdafiəsi gücləndirilməlidir. Təsəvvür etmək olmur ki, bu cürə hadisələr Almaniya kimi müasir bir ölkədə baş verir”. – Almaniyanın Ailə məsələləri üzrə naziri Fransisko Giffi deyir.

Almaniyada  qadınlar üçün 350-yə yaxın sığınacaq, ildə təxminən 30 min qadına kömək göstərə biləcək 600 ixtisaslaşdırılmış konsultasiya mərkəzi fəaliyyət göstərir. Bundan əlavə sutka ərzində yardım üçün 17 dildə konsultasiya təqdim edən  telefon xətti mövcuddur.

“Leqat”ın əldə etdiyi məlumata görə, Almaniyaya gələn azərbaycan ailələrində də boşanma və zorakılıq hallarının sayı artmaqda davam edir. 2018-ci ilin 10 ayı ərzində  Almaniyaya gələndən sonra 17-dən çox azərbaycanlı ailə boşanmaq üçün müraciət edib.