“Əmək Miqrasiyası” haqqında qanun qəbul olunacaq


 

Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf  Almaniyada Əmək Miqrasiyası haqqında qanun qəbul olunacaq. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Almaniya Federal Hökuməti miqrantların işə düzəlmə şərtlərini sadələşdirməyə hazırlaşır. Əcnəbi mütəxəssislərin işə qəbulu haqqında qanun layihəsi artıq razılaşdırılıb və 19 dekabrda qəbul olunacaq. 2019-cu ilin martında isə yeni qaydalar qüvvəyə minəcək. Qanun daha çox Avropa İttifaqından olmayan əməkçi miqrantlara yönəldilib və onların əmək bazarına cəlb olunması ilə bağlı yaranan münasıbətləri tənzimləyir. Məhz mütəxəssis miqrantların cəlb olunmasını siyasətçilər daha çox “ölkədə olan hazırkı demoqrafik vəziyyətlə” izah edirlər. Bu, ölkə tarixində əmək miqrasiyasına həsr edilmiş ilk xüsusi qanundur və ölkədə işə düzəlməklə bağlı yaranan münasibətləri tənzimləyir.

Yeni qanununun əsas xüsusiyyəti – işə düzəlmə zamanı yerli əhalinin ehtiyacları ilə bağli şərtin ləğv olunmasıdır. Xatırladaq ki, indiki qaydalara görə sahibkar bir əcnəbini işə götürmək istədiyi zaman, məhz bu vakansiyaya alman vətəndaşlarından heç kimin iddialı olmadığını miqrasiya idarəsinə sübut etməlidir. Belə yoxlama bir qayda olaraq ən azı 2 ay davam edir və bu proses bitmədiyi halda immiqrant hətta işçi vizası almaq üçün sənədlərini təqdim edə bilməz. Lakin gələn ildən başlayaraq artıq bunu gözləməyə ehtiyac qalmayacaq. Vizanın təsdiq olunması üçün ixtisas üzrə iş müqaviləsi və diplomun Almaniyada tanınması kifayət edəcək. Təbii ki, Alman dili bilikləri hamıdan tələb olunur və əsas şərt olaraq qalır.

Həmçinin iş axtarışı üçün viza alınması imkanları genişləndirilir. Əgər hazırda onu yalnız ali təhsilli əcnəbilər ala bilirdilərsə, indi orta təhsillə də bu imkana sahib olacaqlar. Əmək bazarı ilə taniş olmaq üçün yarım il vaxt verirlər. Bundan başqa, iş mərkəzləri sınaq müddətinə icazə verəcəklər – başlanğıc olaraq işçi yeni yerdə həftədə 10 saata qədər işləyəcək. Lakin yeni qanunda mürəkkəbləşdirilmiş məqam da var: ərizəçilər üçün mütləq alman dili biliklərinin olması. Hər federal ərazidə viza mərkəzlərinin olması vəd olunur.  Lakin yeni qanun Almaniyada “şirin həyat” axtarışında olanların həyatını yüngülləşdirəcəksə də, yerli məmurlar üçün əksinə çətin olacaq. Belə ki, yeni normaların tətbiqi çox guman ki, “lazımsız səndləşmə işlərinin” çoxalmasına səbəb olacaq.

“Spiegel”in icmalçıları belə hesab edirlər ki, “Alman bürokratik maşını” onsuzda öz qüdrəti ilə tanınır. Yalnız hələ xarici diplomların tanınmasına hazırda müxtəlif instansiyalar cavabdehdir. Və bu təşkilatların çoxu yalnız federal ərazilər səviyyəsində fəaliyyət göstərirlər. Buna görə də yeni federal qanunvericiliyin əmələ gəlməsi ilə sənədlərin fərqliliyinə görə mübahisələr yarana bilər.

Federal hökumətin planlarında hər federal ərazidə ən azı bir xidmət göstərən mərkəzin yaradılması var. Və burda çox şeyin qarşısında maddi vəsait dayanır. İlkin proqnozlara görə bu xidmətlərlə bağlı əlavə xərclər üçün hər il 3,4 milyon avro sərf oluna bilər.