Fərhad Çağtürk / AzEuroNews.com / Berlin “Mustafa’s Gemüse Kebab“ (Mustafanın tərəvəz kababı) Almaniyada hətta dərsliklərə salınan bir dönərçidir. Almaniyanın paytaxtı Berlində türklərin ən çox yaşadığı və buna görə “Kiçik İstanbul“ kimi tanınan  “Kreuzberg“ məhəlləsində yerləşən bu dönərçinin  ilk görünüşdə digərləri ilə elə də bir fərqi yoxdur. 

5 kvadrat metrlik bir yerə sahib dönərçinin qarşısında günün hər saatında 50-100 metrə çatan növbə görmək mümkündür. 

  • Türk üsulu, alman ləzzəti…

Metrodan çıxan kimi Mehringdamn 32 ünvanında yerləşən dönərçidən indiyə kimi bir çox televiziya kanalı, qəzet və xəbər agentlikləri reportaj hazırlayıb. Bir dönərkəsən, iki sifarişləri qəbul edib hazırlayandan ibarət komanda ilə söhbət əsnasında öyrənirik ki, “USA Today“ qəzetinin “Berlində yemək yeyə biləcəyiniz 10 ən yaxşı yer“ siyahısına da daxil edilib. Hazırladıqları dönərin digərlərindən fərqini soruşuruq.

“Badımcan, pomidor, bibər kababı, pendir və bir neçə növ özəl souslar“ deyib əlavə edirlər ki, adı üstündə “Mustafanın tərəfəz kababı“… 

Dönərçi deyir ki, türk üsulu dönərə alman ləzzətini qatmaq üçün bir neçə növ sous hazırlayıblar. Səbəb isə, almanların ağız dadına xitab etmək imiş.

  • Dönər üçün bir saat gözləmək ?

Təxminən 60 metrlik növbənin olduğunu görüb satıcıdan “Bunlar dönər üçün gəliblər ? “ deyə soruşuram. “İnanmıram sizin kimi hamısı reportaja gəlsin“ deyib gülür. Əlavə edir ki, axşam saatlarında növbənin uzunluğu az qala 100 metrə çatır. 

Yanımda dönərin hazırlanmasını gözləyən bir alman gənc “Düz deyir, bir saatdır gözləyirəm. Növbəm indi çatıb“ deyir.

Bir başqa alman gənc deyir ki, “Mustafanın tərəfəz kababı“ “Apple“ kimidir: “Yəni başqaları istəsələr burdakı kimi dönər hazırlayarlar. Bəlkə daha yaxşısını. Ancaq necə ki, bir “Apple“ istifadəçisi başqa marka telefona keçə bilmir, biz də elə. Şəxsən mən başqa yerdən dönər almıram”.

Qiymətlərə gəlincə, iki nəfərin rahat doya biləcəyi bir lavaş dönərin qiyməti 5.10 avrodur. Çörəkdə toyuq dönəri 3.90, tərəvəz kababı isə 3.50 avrodur.