Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, saat 08:00-da 3 703 seçki məntəqəsində səsvermə prosesinə başlanılıb.

Məntəqələrin 55-i xarici ölkələrdə açılıb, 11-i isə istisna hallar üçün yaradılmış seçki məntəqələridir.

Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılmış seçki məntəqələrində səsvermə saat 24:00-dək davam edəcək. Gürcüstanın Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi açılıb.

Seçicilərin ümumi sayı 3 528 658 nəfər təşkil edir.

Prezident seçkilərini seçici subyektlərinin 17 000 nümayəndəsi, 48 500-dən çox yerli və 1300-dən çox beynəlxalq müşahidəçi izləyir. Səsvermə prosesini 2 300 jurnalist işıqlandırır.

Seçkilərdə iki namizəd hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır. Oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Q. Vaşadze isə 37,74% səs toplayıb.

Qeyd edək ki, bugünkü seçkilər Gürcüstanın dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilərdir. Qonşu ölkənin yeni prezidenti 6 il müddətinə seçiləcək.