İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasında 100-cü qələbəsini əldə edib.

“Report”un məlumatına görə, yubiley qalibiyyəti İspaniya “Valensiya”sı ilə V tur qarşılaşmasına təsadüf edib – 1:0. Portuqaliyalı hücumçu belə göstəriciyə imza atan ilk oyunçu olub. “Yarasalar”la görüşdə 33 yaşlı forvard 59-cu dəqiqədə Mario Mancukiçə məhsuldar ötürmə edib. Bu qələbə sayəsində xallarını 12-yə çatdıran Turin təmsilçisi 1/8 finala vəsiqəni təmin edib.

Digər tərəfdən, Ronaldu Çempionlar Liqasında indiyədək iştirak etmiş 140 komandadan 136-nı qələbə sayında üstələyir.

Qeyd edək ki, “Yuventus” sonuncu turda İsveçrədə “Yanq Boyz”un qonağı olacaq. Matç dekabrın 12-də keçiriləcək.