Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf ➤  Almaniyanın Hessen əyalətindən Rusiyaya deportasiya olunan 27 yaşlı gəncin geri qaytarılması gözlənilir. Bu barədə AzEuroNews.com-aAlmaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.

Səbəb olaraq gəncin sığınacaqla təmin edilməsi haqqında rədd edilmiş ərizəsinin ərizəçiyə səhv qaydada çatdırılması göstərilir. Belə ki, Miqrasiya və Qaçqınlar üzrə Federal İdarə (BAMF) gəncin sığınacaqla təmin olunma ərizəsini rədd edib. Lakin qəbul edilmiş qərar gəncə qanunla müəyyən edilmiş qaydalara uyğun çatdırılmayıb. Şikayət əsasında işə baxan məhkəmənin təmsilçisi məlumat verir ki, Rusiya vətəndaşının deportasıyası Giesen İnzibati Məhkəməsinin qərarı ilə qanunsuz hesab edilib və o, Almaniyaya qaytarılmalıdır.

27 yaşlı gənc miqrant 13 Noyabr 2017-ci ildə Biedenkopfda qaldığı sığınacaqdan alınaraq Rusiyaya deportasiya olunub. Gəncin Almaniyaya yenidən qayıdacağı tarix hələ ki, məlum deyil. Məhkəmə onun qaytarılması üçün yanvarın 5-nə kimi müddət təyin edib. Vəkilinin məlumatına görə, gənc hazırda Ermənistandadır və geriyə qayıtmaq üçün sənədlərini Almaniya səfirliyinə təqdim etməyə hazırlaşır.

Məlumatda deyilir ki, o, 2015-ci ildə anası ilə birlikdə Almaniyada sığınacaq üçün ərizə verib. Onlar milliyətcə yeziddirlər və bu dini azlığın mənsubiyyətçiləri kimi Rusiyada təqib olunduqlarını bildiriblər. 53 yaşlı anası beyinə qan sızması nəticəsində iflic olub və əlil arabasından istifadə edir.

Məlumat üçün bildiririk ki, Almaniyada deportasiya ilə bağlı buna bənzər hallar ilk dəfə baş vermir. Təkcə avqust ayında 7 dəfə qanunsuz deportasiya halı baş verib ki, bu da Almaniyaya təxminən 22000 avroya başa gəlib. Qeyd olunanlara baxmayaraq federal əyalətlər və yerli Əcnəbilərlə iş üzrə İdarələr məhkəmə prosesi bitməzdən əvvəl deportasiyaya sərəncam verir, rədd cavabı almayan şəxsləri müxtəlif formada təzyiq altında saxlamaqda davam edirlər.