Əvvəllər avtomobillərin sığorta olunmaması, texniki baxışdan keçməməsi kameralara düşürdüsə, indi təhlükəsizlik kəmərindən istifadə etməyənləri də kameralar üzə çıxarır.

“Ölkə.Az” ARB TV-yə istinadən xəbər verir ki, məhdud sayda olan “ağıllı” kameralar indi demək olar ki, paytaxtın bütün ərazilərində quraşdırılıb. Lakin keçirilən sorğu nəticəsində məlum olur ki, sürücülərin əksəriyyəti bundan xəbərsizdir.

Təhlükəsizlik kəmərini taxmadığınız üçün kameraya düşürsünüz və cərimələndiyinizi bilirsiniz?

Sürücü: “Xeyr, məlumatım yoxdur”.

Sürücü: “Xəbərim yoxdur”.

Elməddin Muradlı – ekspert: “Düşünürəm ki, bu sahədə təbliğat işləri aparmaq lazımdır. Videoroliklər hazırlanmalıdır. KİV-lər vasitəsilə təbliğ edilməlidir. Əksər sürücülərin bundan xəbəri yoxdur”.

Məsələdən xəbərdar olan bəzi sürücülər isə kameraya düşməməkçün tünd geyimlər geyinirlər. Lakin bu, vəziyyətdən çıxış yolu deyil.

BŞDYPİ-nin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə “ağıllı” kameraları bu şəkildə aldatmaq mümkünsüzdür.

Vaqif Əsədov – BŞDYPİ-nin bölmə rəisi: “Bu istiqamət üzrə tərəfimizdən tədbirlər görülür. Sürücülər düşünməsinlər ki, ərazidə polis əməkdaşı yoxdursa, demək, xəta törətmək mümkündür. Kameralar vasitəsilə xətalar dərhal qeydə alınır, elektron vasitəsilə qərarlar qəbul edilir”.

Təhlükəsizlik kəmərlərindən istifadə etməyən sürücülər üçün cərimə məbləği 40 manat təşkil edir.